Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-15 12:32:00
Heç bir valideyn istəməz ki, övladına dərs deyən müəllim zəif olsun

Artıq bir aydan sonra müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. 2022-ci ildən etibarən bu proses davam etsə də, hələ də bir çoxları illərlə müəllim işləyənlərin sertifikasiya imtahanına cəlb olunmasını düzgün qəbul etmirlər.

 

Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a danışıb.

 

“Heç bir valideyn istəməz ki, onun övladına təhsil verən şəxsin bilik və bacarıqları zəif olsun”,-deyə müsahibimiz sözə başlayıb.

 

“Sertifikasiya imtahanının keçirilməsi mütərəqqi qərardır. Bu prosesə humanist məsələ kimi baxmalı deyilik. İndiki və gələcək nəslin bilik öyrənməsində birbaşa müstəsna rola malik olan təhsilverənlər kifayət qədər öz ixtisasları ilə bağlı informasiya sahibi olmalı, yeni çağırışlara cavab verən, müasir təhsil standartlarını bilən şəxslər olmalıdırlar. İllərin müəllimi olmaq o demək deyil ki, bu şəxs müasir təhsil standartlarına cavab verir, müasir yanaşmanı bilir, informasiya  texnologiyaları ilə bağlı bilik və bacarıqlara sahibdir, kurikulumun prinsiplərinə hakimdir və s. Uzun müddət işləmək ona əsas vermir ki, onlar sertifikasiyaya cəlb olunmadan təhsil müəssisələrində fəaliyyətlərini davam etdirsinlər. Adətən biz humanist yanaşırıq. Ancaq bu çox cəfəngi yanaşmadır. Çünki biz bu düşüncə ilə övladlarımızın birbaşa gələcəkdə və indi zəhərlənməsinə gətirib çıxaracaq qərar vermiş oluruq. Kifayət qədər potensiallı, öz ixtisası üzrə bilik və bacarıqlara sahib müəllimlər, biliyini şagirdlərə yansıda bilirlər. Nəticə etibarı ilə o şagirdlər yekunda istər ölkə üzrə, istərsə də xarici universitetlərə daha uğurlu nəticələrlə qəbul oluna bilirlər. 

 

Sertifikasiyanın digər üstün tərəfi də ondan ibarətdir ki, bu prosesdə hər bir müəllim iştirak edir. Kimin bilik və bacarıqları yüksəkdirsə, onlar əmək haqqına differensiallaşmış qaydada artım olur. Düşünürəm ki, 35% əmək haqqı artımı imtahan verənlər üçün bir üstünlükdür”.