Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 11:03:00
II qrup: Bu ixtisaslar üzrə iş tapmaq ASANDIR

Xəbər verdiyimiz kimi, 26 may Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ikinci qruplara blok imtahanı keçiriləcək.

 

Maraqlıdır, ikinci qrupa hazırlaşan abituriyentlər hansı ixtisaslar üzrə seçim etsələr, universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkməzlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, iş imkanları perspektivliyindən maliyyə və iqtisadiyyat ixtisasları xüsusi üstünlük təşkil edir:

 

“Hazırda istər dövlət, istərsə də özəl sektorda bu ixtisaslara tələbat çoxdur. Bununla yanaşı son zamanlar beynəlxalq logistika ixtisası tələbat olan ixtisaslardandır. Yəni bu ixtisasın gələcək perspektivliyi çox inkişafda olacaq. Buna səbəb də əsasən beynəlxalq ticarətin həyata keçirilməsi, beynəlxalq daşınmalarda logistik dəstəyin verilməsi, ixtisasın perspektivliyini ön plana çıxarır”.

 

Təhsil ekspertinin sözlərinə görə ikinci qrupda abituriyentlərin maraqlı olduğu ixtisaslardan biri də mühasibatlıqdır:

 

“Ötən illərdə bu ixtisasla bağlı təşvişlər meydana gəldi. Bu təşvişlərin də əsas səbəbi Amerika,eləcə də dünyada tanınan iş adamı Bill Gates qeyd etmişdi ki, artıq elə proqramlar hazırlanır ki, bu proqramlar gələcəkdə bütün mühasiblərin gördüyü xidməti qısa müddətdə həyata keçirə biləcək. Bu zaman mühasibatlara ehtiyac qalmayacaq. Təbii ki, bu açıqlamadan sonra artıq Azərbaycan ictimaiyyətində də DİM-in sədri Məleykə Abbaszadə çıxışında bu ifadəyə yer vermişdir. Amma nə qədər olursa olsun, yenə də peşəkar mühasiblərə ehtiyac olacaq. Ona görə bütün dövlət qurumlarında və özəl sektorlarda  işinin peşəkarı olan mühasiblərə ehtiyac var”.

 

R.Nurəliyev vurğulayıb ki, abituriyentlər maliyyə, iqtisadiyyat, mühasibat, marketinq, beynəlxalq ticarət və logistika ixtisasları üzrə ikili diplom və ingilis dilində təhsil alsınlar:

 

“Çünki bu ixtisaslarda xüsusilə maliyyə və iqtisadiyyat proqramları bizə daha çox Avropa ölkələrindən gəldiyi üçün ingilis dili burada əsas şərtdir. Gələcəkdə magistr dərəcəsini xaricdə almaları üstünlük təşkil edəcək”.

 

Təhsil eksperti qeyd edib ki, ikinci qrupda biznesin idarə edilməsi, menecment, marketinq ixtisaslarının perspektivliyi daha azdır:

 

“Bu ixtisasların perspektivliyinin zəif olmasının bir neçə səbəbi var. Biznesin idarə edilməsi, marketinq və menecment ixtisasları daha çox özəl sektora açılır. Yəni dövlət qurumlarında bu peşəyə, bu sahəyə olan maraq o qədər də çox deyil. Dövlət və bələdiyyə ixtisasına gəlincə isə bəziləri düşünür ki, bu ixtisasın mütəxəssisi ancaq bələdiyyə sahəsində əmək fəaliyyətinə başlaya bilər. Amma bu belə deyil. Dövlət qulluğu imtahanı verərək dövlət qurumlarında da əmək fəaliyyətinə başlamaq olar. Hazırda bu ixtisasın balının az olması abituriyentlərin həmin ixtisasa marağının azlığından meydana gəlir”.