Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 11:04:00
Dövlət qulluğuna qəbul: “Müsahibə mərhələsi ləğv olunsun”

Hər il Dövlət qulluğuna qəbul üzrə test imtahanı daha sonra isə müsahibə mərhələsi keçirilir. Test imtahanı 4 fənn ( qanunvericilik, məntiq, informatika və Azərbaycan dili) üzrə imtahan aparılır.

 

Dövlət qulluğuna imtahan verən şəxslər öz ixtisaslarına uyğun heç bir fənnin olmadığını nəzərə alaraq narazılıqlarını bildirirlər.

 

Maraqlıdır, buna səbəb nədir?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bu gün dövlət qulluğuna qəbulda müəyyən problemlər var, sistem tam oturuşmadığını bildirib:

“Test sualları spesifik tərtib olunmur. Hakim köməkçisinə də eyni testlər verilir, maliyyə şöbəsinə qəbul olunmaq istəyənə də. Şərt deyil ki, hamıya 40 qanunvericilik, 30 məntiq, 15 Azərbaycan dili, 15 informatikaya aid sual verilsin. Qanunvericilik fənnindən salınan sualların çoxu bilik və bacarığı ortaya çıxara bilmir. Burada söz oyunu əsas götürüldüyündən biliyin şəffaf ifadəsi əks edilmir.

 

Dövlət qulluğuna qəbulun müsahibələrində problemlərin yaşanmasının səbəbi iştirak edən bir sıra ekspertlərin özlərinin kifayət qədər hazırlıqlı olmaması, müsahibə proqramının o qədər də aidiyyəti olmayan mövzuların salınması, şəxsin analiz qabiliyyətinə, ümumi biliklərinə fikir verilməməsidir. Müsahibə 3 ekspertin iştirakı ilə keçirilir, dövlət qurumunun nümayəndəsi, DİM-nin nümayəndəsi və müstəqil ekspert. Ekspertlərin bəziləri müsahibə proqramından xəbəri olmur, hazır “şparqalka”dan oxuyub, sual verirlər”.

 

Həmsöhbətimiz qeyd edib ki, test mərhələsi sadələşməli, müsahibə mərhələsi isə ləğv olunmalıdır:

 

“Görürlər ki, şəxs hansısa mövzunu zəif bilir, başlayırlar həmin nöqtədən suallar ünvanlamağa. Bu, ədalətli deyil. Dünyagörüşü adı ilə hər cür lazımsız mövzuda sual verirlər, bunun bir limiti olmalıdır. Suallar istiqamətlər üzrə düzgün bölünmür, bərabərlik pozulur. Lazım gəldi, gəlmədi vakant vəzifə üzrə şərtlər ağırlaşdırılır, tələb edilən əlavə biliklər baryer rolunu oynayır.

 

Bu gün ölkədə dövlət qulluğunun test və müsahibə mərhələsinin keçirilməsində yaxşı nəticə əldə olunsun deyə, xeyli işlər görülsə də hələ də tam ədalətli və keyfiyyətli sistem formalaşmayıb. Ona görə də düşünürəm ki, test mərhələsi sadələşməli, müsahibə mərhələsi ləğv olunmalıdır. Hamıya eyni tipdə testlər verilir. Savadlı və bacarıqlı kadr istəyən qurum onun bilik və təcrübəsinə fikir verməlidir, namizədin vakansiyaya uyğunluğu, həmin sahə üzrə təcrübəsinin olub-olmaması nəzərə alınmalıdır.

 

Əgər düşünülürsə, müsahibə mərhələsi vacibdir, nəzərə alınmalıdır ki, insan amili müsahibə mərhələsini yetərincə doğrulda bilmir. Bu baxımdan, qulluğa qəbulun müsahibə mərhələsini testləşdirmək olar, müraciət edilən vakansiya üzrə də suallar salına bilər, bu zaman proses ədalətli olar. Bəzən müqavilə ilə işləyən şəxslər yerində qalsın deyə haqsız olaraq namizədlər kəsilir. Qeyd etdiyim bütün hallar ümumilikdə vakant vəzifələr elan edən dövlət qurumlarının, DİM-nin, təhsil sisteminin imicinə xələl gətirir. Şəxs dövlət qulluğuna qəbula hazırlaşmaq üçün zamanını və pulunu boşa xərclədiyini düşünür”.