Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 10:35:00
İnzibati icraçı vəzifələr üzrə imtahandan keçən namizədlərin qeydiyyatı başladı

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a  bildirilib ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 28-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün oktyabrın 29-u saat 10:00-dan noyabrın 12-si saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunur.

Məlumatların və sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.