Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 10:20:00
 Türkiyəli gənc xanım AzEdu.az-a qeyri-adi dərs üsulundan danışdı – “Azərbaycanda da  işləyə bilərəm”

Müsahibimiz Ayşegül Yıldırımdır. Qardaş Türkiyənin nəhəng şəhəri İstanbulda məktəbəqədər müəssisələrin birində balacalara dərs deyən, Ayşəgül xanım...

Maraqlı və pozitiv insan olmaqla yanaşı, hədəfləri, təhsilə və yetirmələrinə münasibəti konkretdir. Uğur məfhumuna çox da uzaq xəyal kimi baxmır...

Yaxşısı budur, çox danışmayaq, müsahibəni oxuyaq... Türkiyəli gənc xanım müəllimin AzEdu.az-a verdiyi müsahibəni...

 -Öncə, bundan başlayaq: hansı şəhərdə çalışır və hansı fənni tədris edirsiniz ?

-İstanbulda məktəbəqədər müəlliməm...

-Maraqlı sahə üzrə çalışırsınız, azyaşlı uşaqlarla işləməyin hansı çətinlikləri var?

-Hər peşənin öz çətinlikləri olduğu kimi məktəbəqədər təhsilin də özünəməxsus mürəkkəbliyi  var. Məsələn: ən böyük çətinliklərdən biri valideynlərin, xüsusi ilə anaların güvənini qazanmaqdır.

Ancaq o güvəni qazandıqdan sonra hər şey daha da asanlaşır. Həm də işimizin azyaşlı uşaqlarla olması məsumiyyətlə bərabər, məsuliyyəti də artırır. Uşaqlar bu yaşlarında artıq özünəxidmət bacarıqlarına yiyələnmiş olsalar belə bunu sinif daxilində dəstəkləmək lazımdır.

-Öyrətmək sizin üçün nə deməkdir?

-Öyrətmək mənim üçün davamlı olan zaman, bir həzdir. Uşaqlara bir şeylər öyrədərkən bildiklərimin üzərinə yeni biliklər əlavə edir, təkrarlayır, bir sözlə, uşaqlara öyrədərkən özüm də yeni şeylər öyrənirəm.

-Türkiyədə təhsil sistemindən, onun özəlliyindən danışaq...

-Təəssüf ki , Türkiyədə təhsil sistemi hələ də oturuşmuş deyil.  Təhsil sistemindəki dəyişikliklər həm müəllimləri,  həm də şagirdləri yorur. Hər iki tərəfə də mənfi təsir edir. Türkiyədə hazırda icbari təhsil səkkiz ildən 12 ilə çıxarıldı.  Yaxşı olardı ki , məktəbəqədər təhsil də icbarı olsun. Belə ki, hazırda bu təhsilə yalnız maddi durumu imkan verən ailələrin uşaqları qatılırlar.

-Kurikulum sistemi Türkiyədə tətbiq edilirmi?

-Əlbəttə! Türk təhsil sisteminin də məlum bir tədris planı var və bütün müəllimlər ona uymaq məcburiyyətindədirlər.

Dərs mövzuları, plan və proqramlar tədris planının əsasında hazırlanır.

-Uşaqlar qaydalara uymadıqda hansı cəzaları tətbiq edirsiniz ?

-Doğrusu, cəzalandırmanı düzgün hesab etmirəm. Mükafatlandırma da, cəza da uşaqdakı daxili motivasiyaya mənfi təsir edir. Əgər sinif daxilindəki qayda- qanunu  şagirdin günahı üzündən idarə edə bilmirəmsə, onunla ünsiyyət qurub, nədə qaldığını izah edirəm. Əgər bu kömək etmirsə, onu “dincəlmə guşəsi”nə keçirdib, dincəlməsinə şərait yaradıram  və bu zamanda da belə düşünməsini istəyirəm.  Bu arada da yoldaşlarının davranışlarını izləyib müsbət davranışları möhkəmləndirir.

- Maaşınız sizi qane edir?

-Gündə 5 saat işləyirik və Türkiyə standartlarına görə, qaneedici maaşımız var.  Qısacası maaşımdan razıyam.

-Azərbaycandan tanıdığınız, əlaqəniz olduğu hər hansı müəllim varmı? Bu günə qədər heç azərbaycanlı şagirdiniz olubmu ?

-Sosial media vasitəsi ilə bir çox azərbaycanlı müəllimlə tanışlıq imkanım olub. Tədbirlərimi, hazırladığım oyunları paylaşdığım səhifələrdə fikir mübadiləsi edirik. Azərbaycanlı şagirdim isə heç vaxt olmayıb. Hazırda suriyalı şagirdim var.

 -Azərbaycana gəlib burada müəllimlik etmək istərdinizmi ?

-Azərbaycanda heç olmamışam. Ancaq maraqlandığım ölkələrdən biridir. Əmimoğlu həyat yoldaşı ilə birlikdə orada yaşayır. Bəlkə bir gün gəlmək fürsətim oldu. Vətənimin ucqar yerində dörd il işləmişəm. Azərbaycan da daxil olmaqla dünyanın istənilən ölkəsində işləyə bilərəm.

 -Türkiyədə müəllim olmaq üçün hansı proseslərdən keçib,  hansı imtahanları vermək lazımdır?

-Türkiyədə dövlət məktəblərində müəllim olmaq üçün,  öncə universitetlərin təhsil fakültələrindən məzun olmaq lazımdır. Daha sonra KPSS sınaq imtahanı vasitəsi ilə müəyyən olunmuş bal toplayaraq müsabiqəni qazanır və beləcə müəllim olursan.

-Müsahibəyə görə təşəkkür edirəm və yeri gəlmişkən,  mən də Azərbaycan təhsil sistemində işləyən bir müəlliməm.

-Mən də sizə təşəkkür edirəm və həmkar olduğumuz üçün çox şad oldum.

Elşən Ramizoğlu