Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 12:14:00
Gənclərimiz kənddən Bakıya gəlib süpürgəçi, fəhlə işləyirlər...

Bu günün problemlərindən biri də kəndlərdə yaşayan gənclərin işsizliyidir. Təhsilli gənclər paytaxta köçür, təhsilsiz oğlanlar ən yaxşı halda bikarlıqdan çayçılarda gün keçirir, qızlar isə evdə oturur.

 

Gənclərin məşğulluğunun artırılması, eləcə də kəndləri yaşanılan hala salmaq üçün hansı addımlara ehtiyac var?

 

Mövzu ilə əlaqədar sosioloq Əhməd Qəşəmoğlu AzEdu.az-a danışıb.

 

Ə.Qəşəmoğlu bildirib ki, heç kim kefindən kəndi qoyub Bakıya köçmür:

 

“Ölkəmizin ən böyük resurslarından biri aqrar sektordur. Azərbaycanın çox münbit torpaqları var, lakin bu torpaqlardan lazımi şəkildə istifadə etmək haqqında düşünmürük. Şəhərdə nələrisə inşa etməklə kifayətlənmək olmaz. Halbuki, kənddə aqrar sektoru normal inkişaf etdirsək, orada savadlı gənclərə çox böyük ehtiyac yaranar. Bu sahənin inkişafı nəticəsində kəndlərdə iş yerləri açıla bilər. Orada şərait olsaydı, gənclər Bakıya gəlməzdi.

 

Hələ 1992-ci ildə deyirdim ki, gələcəkdə kənd yerlərində işsizlik problemi yaranacaq. Elə bir iqtisadi mexanizm qurmalıyıq ki, kəndli məhsul istehsal etməklə məşğul olsun. O, kredit, bazar, gübrə, traktor axtarmasın. İqtisadiyyatımızı belə qurmalıyıq. Neftdən gəlirimiz gəlir deyib, əl çalıb, sevinməklə qabağa getmək olmaz”.

 

“Kənddə işyerləri açılsa, savadlı gənclərə də ehtiyac duyulacaq”, -deyə sosioloq vurğulayıb:

 

“Kəndliylə müqavilə bağlamaq lazımdır ki, öz torpaq sahəndə filan müddət ərzində, filan bitkini yetişdirə bilsən, sənə faizsiz kredit verəcəyəm. Bir çox ölkələrdə nəinki faizsiz kredit, hətta həvəsləndirmək məqsədi ilə verilən kreditin yalnız 85%-ni geri istəyirlər. Əgər biz kəndliyə məqsədyönlü kredit versək, traktor istehsalı üçün ümumi mərkəz yaratsaq, o, başını salıb, ancaq məhsul istehsal edəcək. Məhsulu da istehsal edəndə onu almaq lazımdır. Aldığımız məhsulu emal etməliyik. Bakının küçələrində gilasın kilosu 15 manat olmamalıdır. Əhali vitaminli meyvələr yeməlidir. Bu qayda tətbiq olunsa, həm çoxlu kənd təsərrüfatı məhsulu istehsal olunar, həm də dövlət böyük gəlir əldə edər. Bundan sonra kəndlərə savadlı gənc aqronomlar, zootexniklər, konserv zavodlarında işləyək yüksək texnologiyanı bilən şəxslər lazım olacaq. Asudə vaxtın keçirilməsi üçün infranstrukturlar qurulacaq. Bunların hər birini etmək mümkündür. Həyata keçirməyin yollarını hələ 30 il əvvəl demişdim. Hazırda kənddə gənclərin yaşamaq istəməməsinin də əsəs səbəbi məhz işsizlikdir.  Bir vaxtlar kənddə qürurlu kimi tanınan kişilərin uşaqları Bakıda gəlib süpürgəçi, fəhlə işləyir. Hamısının üz-gözündən yazıqlıq tökülür”.