Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-17 16:01:00
Anaların narahatlığı, şagirdlərin həyəcan və sevinc hisləri… -imtahandan REPORTAJ

Martın 17-də Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarının, Gəncə (I zona), Şirvan, Lənkəran (I zona), Şəki, şəhərlərinin, Samux, Daşkəsən, Qazax, Ağstafa, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi. Bugünkü 9 illik orta təhsil səviyyəsi üzrə imtahanda 46741 şagirdin iştirakı nəzərdə tutulmuşdu.

 

AzEdu.az Təhsil Portalının əməkdaşı olaraq  bu gün keçirilən imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya əsasən, Bakı şəhəri, Nərimanov rayonu 212 nömrəli tam orta məktəbdə olduq. Bu məktəbdə imtahan verənlərin hər biri rus bölməsinin şagirdləridir.

 

Şagirdlər imtahan binasının önündə toplaşaraq öz aralarında düşdükləri zallara baxırdılar. Üzlərindəki təbəssümdən o qədər də narahat olmadıqlarını hiss etdik. Valideynlər övladlarına güvəndiklərini dilə gətirərək, onları imtahan binasına yola salırdılar. İmtahan verəcək namizədəri məktəbin darvazasında duran polis qarşılayır, onları məktəbin giriş qapısına yönləndirirdi.

 Açıklama yok.

Qeyd edək ki, valideynlərin darvazadan içəri daxil olmalarına icazə yox idi. İmtahan rəhbəri sıra ilə namizədlərin sənədlərini yoxlayırdı. Sənədlərində hər hansısa problem, eləcə də çatışmazlıq olan iştirakçıları imtahan başlayana qədər gətirib, yenidən yoxlanışdan keçmələri üçün geri göndərirdilər. Hər şeyi qaydasında olan abituriyentlər müvafiq olaraq qadın və kişi nəzarətçilər tərəfindən xüsusi aparatla yoxlandıqdan sonra imtahan zalına göndərilirdilər.

 Açıklama yok.

1 nəfər imtahan binasına telefonla daxil olduğu üçün, onu geri göndərərək, telefonu qoyub yenidən gəlməsini tapşırdılar.

 

Qızlardan biri o qədər həyəcanlı idi ki, əlləri əsirdi. İmtahan rəhbəri gülümsəyərək, onunla bir qədər səmimi danışdı. “Her şey yaxşı olacaq. Uğur səninlədir”,- dedi. Bir qədər həyəcanını cilovlayan qız sevincli halda təşəkkür edib, içəri daxil oldu.

 

1 nəfər oğlan iştirakçının sağlamlıq imkanı məhdud olduğu üçün (bir qolu sınmışdı, gipsdə idi) polisin nəzarəti ilə anasıyla birlikdə imtahan binasına yaxınlaşdı. Anası çox narahat halda DİM-dən aldıqları sağlamlıq haqqında sənədi imtahan rəhbərinə təqdim etdi. Rəhbər anaya heç nədən narahat olmamağı, hər şeyin qaydasında olacağını bildirdi. Şagirdə dəstək olaraq ona gedəcəyi otağı göstərdilər. 2 tibb bacısı foyedə əyləşərək, hər hansısa sağlamlıq imkanı məhdud, eləcə də səhhətində problem olan namizədlərlə maraqlanırdılar. Bundan sonra daha bir şagird də anası ilə binaya yaxınlaşdı. Bildirdilər ki, şagird şəkərli diabet olduğu üçün DİM-də qeydiyyatdan keçib. Şəkərini ölçmək üçün biləyində xüsusi aparat var idi. Bu aparat telefona qoşularaq ona vəziyyəti barədə məlumat verirdi. Sənədə əsasən şagirdi imtahan otağına yola saldılar.

 

İmtahanın başlamasına 20-25 dəqiqə qalmış daha bir iştirakçı anası ilə birlikdə rəhbərə yaxınlaşaraq şəkərli diabet olduğunu, amma DİM-də qeydiyyatdan keçmədiyini söylədi. Nəzarətçilər təlimat verdilər ki, bu cür hallarda xahiş edirik ki, mütləq qeydiyyatdan keçin. Anası narahatlıq içində “bizim səhvimizdir”,- deyib bir qədər susdu. İştirakçını foyedəki oturacaqlardan birində əyləşdirərək, üzərindəki şəkər ölçən qurğunu aldılar. İmtahan rəhbəri bildirdi ki, şagirdin imtahan verəcəyi zalda o, həm də zal nəzarətçisi qismində iştirak edəcək. Hər 20 dəqiqədən bir qurğunu ona yaxınlaşdıraraq şəkərini ölçəcək. Hansısa problem olarsa, tibb bacıları müdaxilə edəcəklər.

 

İmtahanın başlamasına artıq az qalmışdı. Oğlan şagirdlərdən biri çox həyəcanlı idi. Nəzarətçi ona özünü yaxşı hiss etmirsə, köməklik edə biləcəklərini bildirdi. Sanki, bu sözdən sonra rahatladı və imtahan verəcəyi zala doğru addımladı.

 

Saat 10:58-i göstərirdi. Artıq qapılar bağlanmışdı…

 

Bir şagird polisin nəzarəti ilə binaya yaxınlaşdı. Polis bildirdi ki, onun şəxsiyyət vəsiqəsi evdə qalıb, ancaq şəkilli arayışı var. Anası təlaş içində darvazada gözləyirdi... Əgər icazə verilərsə, vəsiqəni götürüb gələcəyini qeyd etdilər. Abituriyent o qədər narahat və həyəcanlı idi ki, nəzarətçilər onu foyedə əyləşdirərək imtahan rəhbərinin gəlməsini gözlədilər. Bir neçə dəqiqə sonra rəhbər gəldi, bildirdi ki, ancaq dinləmə mətni bitəndən sonra onu otağa daxil edə bilərlər. Bu vaxta kimi də vəsiqəsi mütləq gəlməlidir.

 

Artıq imtahandan təxmini 10 dəqiqə keçmişdi. Hələ də vəsiqə yox idi… Namizədin təlaşını görüb, ona yaxınlaşdıq. Adının nə olduğunu soruşduqda o, həyəcandan deyə bilməyərək, imtahan vərəqəsini göstərdi. Bu cür imtahanların təhsilimizdə önəm daşıdığını, lakin belə vəziyyətlərdə stress keçirməyin yaxşı olmadığını və daima önümüzdə çıxış yolunun olduğunu bildirərək ona ürək-dirək verməyə çalışdıq. Söz verdik ki, imtahandan yüksək nəticə toplasa, ondan müsahibə alacayıq.

 

Soruşduq ki, gələcəkdə hansı peşəyə yiyələnmək istəyirsən? O, cavab olaraq  “mən varlı adam olacam!”,- dedikdən sonra dərslərini çox yaxşı oxuduğunu vurğuladı. Artıq gözlərindəki həyəcan get-gedə yoxa çıxırdı…Üzündəki narahatlığın, gülümsəmə ilə əvəz olunması bizi çox sevindirdi. Bu an polis nəhayət ki, əlində vəsiqə ilə içəri daxil oldu. İmtahan rəhbəri vəsiqəni alaraq həmin şagirdi otağa yönləndirdi…

 

Bundan sonra imtahan rəhbəri Albert Səmədova yaxınlaşdıq və son məlumatları aldıq.  Bildirdi ki, bu imtahan binasında 243 şagirdin iştirakı nəzərdə tutulub.

 Açıklama yok.

“Onlardan 138-i oğlan, 105-i isə qızdır. 1 nəfər oğlan şagird imtahana gəlməyib”,- deyə əlavə etdi.

 

Saat 12:03-ü göstərəndə pilləkəndən tappıltı səsləri eşidildi…

 

Bir şagird gülümsəyərək, imtahandan çıxdı. O bildirdi ki, suallar onun üçün asan idi.

 

12:26-da yenə sükutu yerə düşən qələm səsi pozdu. Şagird həyəcanlı olduğu üçün əlindəki qələmi yerə saldı. O, əyilib qələmi götürmək istəyəndə, digər qələmi düşürdü. Beləcə 3-4 dəfə qələmlərini yerə düşürdü… foyedə əyləşən nəzarətçilər ona kömək edərək, “həyəcanlanma, hər şey bitdi”,- deyərək çıxışı göstərdilər. Bundan sonra 3-cü şagird çıxdı. Digər şagird kimi qeyd etdi ki, suallar asan olub.

 

Artıq imtahanın bitməsinə 15 dəqiqə qalmışdı. Ətrafda sakitlik hökm sürürdü. Saat 2-yə qədər onlar otaqdan çıxa bilməzdilər…

 

İmtahan bitdikdən sonra bir neçə iştirakçıya yaxınlaşdıq. Onlar qeyd edirdilər ki, imtahan asan olub. Ümumi olaraq riyaziyyat fənni digərlərinə görə bir qədər çətin gəlib. Şagirdlərin fikirlərindən belə qənaətə gəldik ki, imtahan prosesindən narazı qalmayıblar.

 

Qeyd edək ki, proses zamanı hər hansısa iştirakçının səhhətində problem olmayıb. İmtahanda tam şəffaflıq qorunub. Dinləmə qurğularında isə heç bir problem aşkarlanmayıb.