Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 14:48:54
FHN Akademiyasına qızlar qəbul ola bilərmi? - RƏSMİ

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

 

Bəs, görəsən, akademiyaya qəbul üçün namizədlər hansı şərtlərə cavab verməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, “Akademiya “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

 

Namizədlər 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

 

Qəbul 2 mərhələli keçirilir. Namizədlər əvvəlcə buraxılış imtahanlarının müvafiq fənləri, ikinci mərhələdə isə I ixtisas qrupunun üzrə imtahanda iştirak edirlər. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

 

Akademiyaya qızların qəbulu üzrə proses keçirilmir. Bundan əlavə təhsil müddəti digər ixtisaslarda olduğu kimi 4 ili əhatə edir.  Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə, Azərbaycan dilində keçirilir. Təhsil müddətində kursantlar yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiya üçün nəzərdə tutulmuş xüsusi bir təqaüd forması mövcud deyil.  Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə, Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər. Ötən il akademiyaya keçid balı 339 olaraq formalaşıb”.

 

Qeyd edək ki, sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.