Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 10:17:00
Diqqət! - Bu ixtisaslar sıradan ÇIXIR

Günü-gündən texnologiyalar inkişaf edir. Hətta inkişaf o həddə çatıb ki, insan əməyi tələb edən peşələri belə robotlar idarə etməyə başlayır.  

 

Maraqlıdır, yaxın 10 il ərzində hansı peşələrə ehtiyac qalmayacaq?

 

Mövzu ilə əlaqədar təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a danışıb.

 

Ekspert son 8-10 il ərzində bütün dünyada sıradan çıxacaq peşələrə nəzər salıb:

 

“Nəqliyyat sürücüsü, operator, məlumat mərkəzlərində vətəndaşları qəbul edən şəxs, işıqçı, qrimçi, aktyor, montajçı, videoqraf, fotoqraf,rəssam, dizayner, kitabxanaçı, bank işçisi,səyahət agenti, telemarketoloq, kassir, anbar işçisi, dayancaq baxıcısı, sığorta işçisi,tərcüməçi, poçt işçisi, idman yarışı hakimi, qəzet müxbiri, mühasib, mühərrik və maşın mühəndisi, fast-food işçisi, təsərrüfat işçisi,korrektor, ödəniş məntəqə operatoru, dispetçer və s. peşələr gələcəkdə ya olmayacaq, ya da ki, bu sahələrdə ixtisarlar gedəcək. Bunun olma səbəbi texnoloji yeniliklərlə bağlıdır. Artıq sənaye, iqtisadi və digər istiqamətləri robotlar, süni intellekt ələ keçirir. Nəticə etibarı ilə süni intellektlə idarə edilən robotlar yaradılır ki, bu robotlar da insanların etdiyi işləri asanlıqla həyata keçirir. Bu səbəbdən də valideynlər, abituriyentlər ixtisas seçimi zamanı daha diqqətli olmalıdırlar ki, gələcəkdə əmək bazarında daha çox tələbat olan ixtisasları seçə bilsinlər. Bu gün inkişaf etmiş ölkələrdə, istər avropada da, istərsə də uzaq şərqdə-Yaponiyada, Cənubi Koreyada artıq hotellərdə, “fast-food” restoranlarında, mühasibyönümlü sahələri, sürücüsüz taksiləri planlaşdırılmış süni intellektlər idarə edir. Bu proses 24 il ərzində baş verib. Texnoloji yenilik elə bir vəziyyət yaradıb ki, digər yeniliklər üçün daha bir 24 ili gözləməyimizə ehtiyac yoxdur. Ancaq hər bir yenilik özüylə bərabər problemləri də gətirir. O nöqteyi nəzərdən bir müddət sonra baxacağıq ki, bizim işlərimizi robotlar, süni intellekt icra edir. Bu da insanları məcbur edir ki, dövrün tələbinə uyğun ixtisaslara yönəlsinlər”.

 

“Biz cəmiyyət olaraq gələcəyə hazır olmalıyıq”, -deyə E.Əfəndi vurğulayıb:

 

“Tələbat olan ixtisaslara informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, süni intellekt, rəqəmsal marketinq, data analtikası, maliyyə menecmenti və s. sahələr. Bu sahələrdə təhsil alacaq abituriyentlər gələcək üçün yatırım etmiş olurlar.

 

Təəssüf ki, bizim cəmiyyətdə müəyyən insanlar üçün bu informasiyalar qəbuledilməzdir. Onlar sanki prosesi anlamırlar, ya da anlamaq istəmirlər, məsələyə qeyri-ciddi yanaşırlar. Halbuki bu bizim üçün bir növ “SOS” olmalıdır. Cəmiyyət artıq qarşıdakı dövr ərzində baş verəcək yeniliklərə hazır olmalı, özünü inkişaf etdirməlidir. Baş verən yeniliklərə qeyri-ciddi yanaşmaq lazım deyil. Dərindən düşünüb, araşdırıb, təhlil etmək lazımdır. Ancaq görünən ondan ibarətdir ki, bəzi şəxslər özlərini bilməməzliyə vurur, yaxud tənbəlcə yanaşır. Sanırlar ki, belə gəlib, belə də gedəcək, lakin gələcək tamamən fərqli gələcək. Biz də cəmiyyət və dövlət olaraq həmin yeniliklərə hazır olmalıyıq”.