Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 10:25:00
Universitetlər tələbələri əzbərçi kimi yetişdirir

Tələbələrin hər zaman ən çox şikayətləndiyi mövzulardan biri dərs yükü ilə bağlıdır. Onlar bildirirlər ki, çox səhifəlik dərsləri əzbərləməklə qiymət almağa çalışırlar.

 

Ümumiyyətlə proqramı yekunlaşdırmaq adına tələbənin çoxlu dərslə yüklənməsinin faydası varmı?

 

Mövzu ilə əlaqədar təhsilin idarəolunması üzrə mütəxəssis Qoşqar Məhərəmmov AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, dünya ali təhsilində tələbələrin dərsi öyrənmə prosesi onlara hansısa məzmunun, tapşırığın verilib, əzbərlədilməsindən ibarət deyil:

 

“Bakalavr, eləcə də magistratura tələbələri qeyri-adi, kreativ, maraqlı tapşırıqlarla inkişaf etdirilirlər. Tələbələrin qiymətləndirilməsi qətiyyən ənənəvi qaydada bir dərsin öyrənilib, danışılması olmamalıdır. İxtisaslara uyğun olaraq, təhsilalanlara praktiki tapşırıqlar verilməlidir. Əlbəttə, bilik önəmlidir, amma biliyin yanında təcrübə mütləq vacibdir. Öyrənilənlərin emal edilməsi, hansısa yaradıcılıqda tətbiq edilməsi çox vacibdir. Verilən informasiyaları tələbə tərəfindən qaytarılması prosesi də həm innovativ, həm də kreativ formada olmalı, XXI əsr bacarıqlarını özündə əks etdirməlidir. Tələbənin bəzi tapşırıqları qrup şəklində etməsi onda komanda işi bacarıqlarını inkişaf etdirəcək. Eyni zamanda tələbələr qrup şəklində təqdimat hazırlamalı, və digər tələbələrin qarşısında təqdim etməlidirlər. Bu da onların həm kommunikasiya, həm də natiqliq bacarıqlarını inkişaf etdirəcək. Təqdimatın slaydları isə keyfiyyətə, vizuallığa, kreativliyə əsasən, tələbələrin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) bacarıqaları nəzərə alınaraq qiymətləndiriləcək”.

 

“Tələbələrin geniş konspektləri və məruzələri əzbərləyib, imtahana məruz qalması heç bir işə yaramır”, - deyə Q.Məhərrəmov vurğulayıb:

 

“Müəllim əzbərçi tələbəni əzbərçi kimi yetişdirməməli, onların hər tərəfli inkişafının təmin olunmasına töhfə verən tapşırıqlar verməlidir. Tələbələr məzun olduqdan sonra görürlər ki, öyrəndiklərinə bazarda ehtiyac yoxdur. Bu isə özlüyündə universitetlərin imicinə zədə vurur. Bəlkə də bir müddət sonra bu universitetlər tezliklə tələbəsiz qalacaqlar. Çünki tələbələr bir daha fərqinə varırlar ki, bu universitetlərdə 4 il itirməkdənsə, hansısa kursda oxumaq onlara daha çox qazandırır. Buna görə də müəllimlər, universitet rəhbərlikləri islahatlar etməlidirlər. Tələbəyə dərsin keçirilmə forması və qiymətləndirilmə prosesi dəyişməlidir. Dərsin keçirilmə forması biliklə yanaşı innovasiyaya, praktikaya, yaradıcılığa əsaslanmalıdır”.