Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 15:34:18
Etik qaydalar: “Müəllim şagirdə adı ilə müraciət etməməlidir”

Tez-tez müəllimlərin davranış qaydaları, şagirdlərlə münasibətləri gəlir gündəmdə olur. Bir çoxları müəllimləri qınayır, onların davranışlarının şagirdlərə düzgün örnək olmadığını vurğulayır.

 

Bəs, görəsən, müəllim şagirdə necə nümunə olmalıdır? Müəllimin vəzifələrinə fənni tədris etməkdən başqa nələr daxildir?

 

Təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov AzEdu.az-a danışıb.

 

“Dünyanın bütün ölkələrində təhsil sisteminin keyfiyyət göstəricilərindən biri də müəllimlərin peşə standartıdır”,-deyə ekspert bildirib:

 

“Təhsil Nazirliyinin 6 noyabr 2014-cü il tarixli kollegiya iclasının 1/2 nömrəli qərarı ilə müəllimlərin etik davranış qaydaları təsdiq olunub. Həmin etik davranış qaydalarının III maddəsində müəllim şəxsiyyətinə verilmiş tələblər öz əksini tapır. Burada qeyd olunub ki, müəllim təhsil sahəsində dövlət siyasətini həyata keçirir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir, o cümlədən, təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır və s. Çox təəssüf ki, məktəblərdə bu qaydalara riayət olunmur. Müəllimlərlə şagirdlər arasındakı münasibətlərdə etik davranış qaydaları IV maddənin 1-ci hissəsi ilə tənzimlənir. Bu maddədə çox vacib məqamlara toxunulur”.

 

E.Qafarov bildirib ki, müəllimlərin şagirdə adı ilə müraciət etməsi doğru ünsiyyət tərzi deyil:

 

“Etik davranış qaydalarında qeyd olunur ki, ilk növbədə müəllim şagirdlə doğru-düzgün ünsiyyət tərzi seçməlidir.  Biz seminarlarda, görüşlərdə həmişə xahiş edirik ki, müəllim şagirdə soyadı ilə müraciət etsin. Bir çox hallarda müəllimlər şagirdləri əzizləmək üçün qısaldılmış adlarla müraciət edirlər məsələn, Səbinəyə Səbiş, Dilarəyə Diliş və s. Bu doğru deyil.

 

Bundan əlavə müəllimlər şagirdlərə qarşı tələbkar olmalıdırlar. Bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır. Çox təəssüf ki, bu gün bəzi müəllimlər onun yanında repetitorluğa getməyən şagirdi müxtəlif “gözümçıxdıya” salır. Etik davranış qaydalarının IV maddəsinin 1-ci hissəsinə zidd olan qiymətin bilərəkdən aşağı salınması, və yaxud da onun yanına hazırlığa gedən şagirdlərin qiymətlərinin bilərəkdən yüksək yazılması hallarına da rast gəlirik.

 

Müəllim şagirdin sağlamlığını və rifahını düşünməlidir. Onu zərərli vərdişlərdən çəkindirməlidir. Bizdə hələ də kişi müəllimlər məktəb ərazisində, şagirdin gözü qabağında siqaret çəkirlər. Eyni zamanda cəmiyyətdə müxtəlif şənliklərdə, yaxud müxəlif yerlərdə şagirdin gözü qarşısında spirtli içki və siqaret qəbul edirlər ki, bu da şagirdi zərərli vərdişlərə sövq edə bilir.

 

Müəllim şagirdə qarşı qərəzsiz olmalı, şagirddə motivasiya hissini formalaşdırmalıdır. Təhsilalanlara zəruri bilik, bacarıq və səriştələri aşılayarkən müasir təlim metodlarından istifadə etməlidir. Təəssüf ki, biz bunları görmürük.

 

Müəllimin davranışı etik davranış qaydalarında çox aydın şəkildə, gözəl ifadə edilib. Bu qaydaları pozanlar intizam tənbehinə cəlb olunurlar. Burada etik davranış qaydalarının yerinə yetirilməsində məsuliyyəti məktəb direktoru daşıyır.  Məktəb direktorları isə bu qaydalarla müəllimləri tanış etmirlər. Düşünürəm ki, məktəblərimizdə həmin qaydalara sistemli olaraq riayət olunarsa, neqativ halların böyük bir hissəsi yaşanmaz”.