Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 12:49:00
Azərbaycanın və Şərqin ilk təyyarəçi qadını...

Dünyada, eləcə də ölkədə “ilk”lərə imza atanlar hər zaman fərqlənir. Onlar həmişə geniş arenada mənsub olduqları ölkənin adını yüksəldirlər.

 

AzEdu.az Təhsil Portalı tarixdə ilkə imza atan şəxslərlə bağlı mütəmadi məlumatlar paylaşır.

 

Bu dəfə Azərbaycanda, Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə ilk təyyarəçi azərbaycanlı qadın barədə məlumat verəcəyik.

 

Leyla Məmmədbəyova  Azərbaycanda, Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə ilk təyyarəçi qadın kimi tanınır.

 

"Səma xanım" ləqəbi ilə tanınan Leyla xanım təhsilini Bakı aeroklubunda alıb. O, 1931-ci ildə ilk uçuşunu reallaşdırır. 1932-ci ildən etibarən təhsilini Moskvada davam etdirir.  1933-cü ildə Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atlanan L.Məmmədbəyova, həmçinin,  SSRİ-nin ikinci qadın paraşütçüsü olub. Bundan başqa, o, 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yerə layiq görülüb. Sonralar Bakı aeroklubunda müəllim kimi fəaliyyət göstərən Leyla Məmmədbəyova 1941-ci ildə yüzlərlə təyyarəçiyə təlim keçmiş, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlayıb.

 

Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə olmuşdur. O, aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə 1936-cı ildə "Şərəf nişanı" ordeni, 1945-ci ildə "Qafqazın müdafiəsinə görə", 1946-cı ildə "Əməkdə fərqlənməyə görə", "Əmək rəşadətinə görə", "Əmək veteranı" medalları ilə təltif olunub. Ən diqqətçəkən məqamlardan biri isə altı uşaq anası olan Leyla Məmmədbəyovanın mükafatları arasında "Analıq medalı"nın olması idi. Amerikanın "Huffington Post" nəşrində 2017-ci ildə Leyla Məmmədbəyova haqqında məqalə dərc olunub.

 

Leyla xanıma bir neçə şeir və kinofilm həsr oıunub. Belə ki, Mikayıl Müşfiqin "Əfşan" və "Şölə" poemaları, Səməd Vurğun "Leyla" əsəri, "İsmət" bədii filmi və "Leyla" adlı sənədli film ona həsr edilib.

 

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. Onun böyük oğlu Firudin İkinci dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşub.