Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-17 11:50:05
Bu gün Əlağa Vahidin anadan olmasından 129 il ötür

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir.

 

 

AzEdu.az  xəbər verir ki, bu gün böyük qəzəlxan Əlağa Vahidin anadan olmasından 129 il ötür.

 

 

Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb.

 

 

Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

 

 

“Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər.

 

 

“Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub.

 

 

Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilib, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılıb, ürəklərə yol tapıb, sevilib və dillər əzbəri olub.

 

 

Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirib, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirib.