Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 16:46:56
Övladını təhsildən yayındıran valideynlər -  Onlara cəza tədbiri görüləcək?

Təhsil hüququ insan hüquqları ideyasının əsas özəyidir. Lakin bəzən müxtəlif səbəblərdən təhsildən yayınan, dərsə getməyən uşaqlar olur.

 

Müşahidələr onu göstərir ki, uşaqların təhsildən yayınmasının əsas səbəbkarı çox zaman valideynləri olur.

 

Maraqlıdır övladını təhsildən yayındıran valideynlərə qanunvericilikdə hər hansısa cəza tədbirləri gözlənilirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova qeyd edib ki, bu məsələdə birmənalı olaraq birinci məsuliyyət valideyndədir:

 

“9 illik icbari təhsildir, yəni şagirdlərin dərsə gəlməsi məcburidir. Lakin təhsilanların məktəbə davamiyyəti hələ də istənilən nəticəni vermir. Bu barədə müvafiq monitorinqlər aparılsa da bəzi hallar nəzərdən qaçır. Biz erkən nigah məsələlərində də görürük.

 

Uşaqların təhsildən yayınmasının birinci məsuliyyəti valideyndədir. Düzdür, burada bəzən məktəblərin də rolu olur. Biz bu barədə nəzarət funksiyasını həyata keçirən orqanıq. Bir neçə dəfə valideynləri xəbərdar etmişik. Təəssüflər olsun ki, qanunvericilikdə valideyn məsuliyyətini tənzimləyən normalar kifayət qədər işlənilməyib və boşluqlar var”.

 

Müsahibimiz bildirib ki, övladını təhsildən yayındıran valideynlər üçün konkret cəza tədbiri yoxdur:

 

“Regional təhsil idarələrinin və məktəb rəhbərlərinin üzərinə böyük öhdəlik düşür. 2 hal burada mütləq həyata keçməlidir. Birinci olaraq qanunvericilik daha təkmilləşməli və boşluqlar aradan qaldırılmalıdır. Daha sonra isə nəzarət mexanizmini regional və yerli səviyyədə gücləndirmək lazımdır.

 

Təəssüf edici haldır ki, qanunvericilikdə övladını təhsildən yayındıran valideynlər üçün konkret cəza tədbiri yoxdur. Yalnız inzibati xətalarla müəyyənləşən normalar var. Uşaq hüquqları haqqında qanunda dəyişikliklər olacağı gözlənilir. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təkliflər hazırlanır. Yəqin ki, həmin təkliflər ictimai müzakirəyə çıxarılacaq.

 

"Bütün sahələr təhsilin əhəmiyyətini vurğulamalıdır",- deyə sədr qeyd edib:

 

"Çox təəssüflər olsun ki, Kütləvi informasiya vasitələrindən tutmuş, sosial şəbəkələrə qədər təhsilə olan meyil o qədər də çox deyil. Düzdür, uğurlarımız çoxdur. Olimpiada qaliblərimizin sayı günü-gündən artır. Qızların təhsilə meyil etməsi halları artmağa başlayıb. Sadəcə olaraq elm, təhsili daha da populyarlaşdırılmaq lazımdır”.