Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 13:07:54
Nazir müavini "Yüksəliş”in  qalibləri ilə görüşüb

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri , “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva da iştirak edib.

 


AzEdu.az xəbər verir ki, görüşdə Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, bu istiqamətdə beynəlxalq müstəvidə atılan addımlar və bu beynəlxalq təşəbbüslərin ölkəmizə inteqrasiyası mövzularında müzakirələr aparılıb.

 


Nazir müavini COP29-un ölkəmizdə uğurla keçirilməsində potensiallı kadrların prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq “Yüksəliş” müsabiqəsi qaliblərinin COP29-da yaxından iştirakının faydalı olacağını vurğulayıb.

 


“Yüksəliş” müsabiqəsi qalibləri də “yaşıl” iqtisadiyyata keçid, “yaşıl” enerji təchizatı, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022 - 2026-cı illər üzrə tədbirlər planına əsasən işğaldan azad olunan ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi hədəflərinə nail olmaq məqsədilə təkliflər irəli sürərək müzakirələr aparıblar. Sonda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 tədbiri çərçivəsində təkliflərin hazırlanması və daha geniş müstəvidə danışıqların aparılması məqsədilə belə görüşlərin davamlı olmasının zərurətini vurğulayıb.

 


“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023- cü il tarixində Sərəncam imzalanıb.