Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 11:18:34
Yeniyetmə anaların sayı ARTIR- “...Qızlar adətən 8-ci sinifdə nişanlanırlar”

Rəsmi məlumata görə, Azərbaycanda erkən yaşda ana olan yeniyetmə qızların sayı artıb.

  

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ildə isə 16 yaşadək ana olanların sayı 120 nəfərə çatıb. 2021-ci ildə 341 yeniyetmə 16 yaşında, 1225 yeniyetmə isə 17 yaşında ana olub. 2022-ci ildə bu rəqəmlər bir qədər artıb. Belə ki, 386 yeniyetmə 16 yaşında, 1505 yeniyetmə isə 17 yaşında ana olub.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov kənd yerlərində qızların təhsildən yayınması və erkən evliliyə cəlb olunması ilə bağlı bir neçə nüansa toxunub:

 

“Regionlarda yerləşən bir çox məktəbdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb və müasir avadanlıqla təmin edilib. Bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Həmin problemlər isə təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır.

 

Bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğuna görə, onları həll etmək elə də çətin deyil. Sadəcə bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun. Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir. Artıq bu problem kütləvi hal almaqdadır. Xüsusən kənd məktəblərində qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir.

 

Apardığımız araşdırmalardan məlum olur ki, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir. Bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır”.

 

Ekspert qeyd edib ki, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır:

 

“Kənd yerlərində qızlar adətən VIII sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq yalnız orta məktəbdə təhsil ala bilirlər.

 

Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir. Bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər. Bu da onların gündəlik həyat tərzinə çevrilir. Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar.

 

Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir. Belə hallar daha çox aran rayonlarında artmaqdadır. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib.

 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər”.

 

Həmsöhbətimiz Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynadığını söyləyib:

 

“Hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında qızlar təhsildən uzaqlaşıblar.

 

Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir. Qızların təhsildən yayınması ilə bağlı apardığım tədqiqatlar  göstərir ki, bu problemin kökündə erkən nikah faktoru böyük rol oynayır.

 

Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrum etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ də bu cür hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2021- ci  illərdə nikahdan kənar doğulan uşaqların sayı 32 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxarır.

 

Təəssüf ki, rəqəmlər vəziyyətin ürək açan olmadığını göstərir. Halbuki, qanunvericilikdə, cinayət məcəlləsində konkret olaraq buna görə ciddi məsuliyyət, cəza nəzərdə tutulsa da, hələ indiyə qədər bu həyata keçrilməyib.

 

Bu valideynlər ilk növbədə vətəndaşın konstitusiya hüququnu pozurlar. Belə ki, Konstitusiyanın 42 – ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Onlar qızlarının bu hüququnu əlindən alırlar”.