Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 10:19:00
“Orada sədaqətli, təmiz qəlbli insanlara  əzab və işgəncələr verilməsi ifşa edilib” – Tahir İmanovun əsər təhlili

AzEdu.az məşhurların dilindən ən sevdiyi romanların, bədii əsərlərin təhlili,  onların məktəb  xatirəsi, əhvalatları ilə bağlı silsilə yazıları davam etdirir.

 “Məşhurla oxu”  rubrikasının  budəfəki qonağı  “Planet  Parni iz Baku” Teatrının rəhbəri, Əməkdar artist Tahir İmanovdur.

 Xeyli sayda kitab mütaliə etdiyini deyən T.İmanov daha çox bədii ədəbiyyat nümunələrini oxuduğunu  bildirib:

 “Mən mütaliəni çox sevirəm, çoxlu kitablar oxumuşam. Son vaxtlarda isə vaxtımı  daha çox  Azərbaycan klassikasına aid nümunələri oxumağa həsr edirəm.

 O cümlədən, Ə.Haqverdiyevin  və Cəlil Məmmədquluzadənin yaradıcılığına, əsərlərinə çox diqqət ayırıram.  Onların seçilmiş əsərlərinin demək olar, hamısını  oxuyub  qurtarmışam.

Cəlil Məmmədquluzadənin əsərlərindən biri də   “Danabaş kəndinin müəllimi”dir.  Görkəmli yazıçının bu əsərinin üzərindən illər keçməsinə baxmayaraq, orada baş verən hadisələr bu gün üçün də aktualdır.Cəlil Məmmədquluzadənin   dahiliyi  də məhz bundadır.  

 Dediyim kimi, oxuduqlarım arasında daha çox üstünlük verdiyim bədii ədəbiyyatdır. Dünya ədəbiyyatından  F.M.Dostoyevskinin, əsərlərini Azərbaycan ədəbiyyatından isə Cəfər  Cabbarlının əsərlərini, xüsusən də “Solğun Çiçəklər”i çox bəyənirəm.

 Bildiyimiz kimi,  ədib “Solğun çiçəklər” əsərini  1915-ci ildə yazıb.   O, dramda ictimai quruluşa  qarşı öz etirazını bildirib. Yazıçı “Solğun çiçəklər” də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışıb. Eyni zamanda, həmin cəmiyyətdə hakim rolu olan pulun insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara  əzab və işgəncələr verildiyini ifşa edib. Pyes ailə-məişət mövzusuna həsr olunub.

Tahir İmanov orta məktəb illərinin keçdiyi təhsil müəssisəsi barədə də məlumat verib:

 “Mən 1974-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri 189 saylı orta məktəbdə təhsil almışam.  1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, 1996-cı ildə isə oranı bitirmişəm”.

Qeyd edək ki, Tahir İmanov  1991-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. O,1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olub.

 Günel Yaşarqızı