Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 13:19:00
Şəhid anası 52 yaşında tələbə oldu: “Oğlumun arzularından biri idi”

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 

Bu dəfə haqqında bəhs etdiyimiz Lənkəran Dövlət Universitetinə qəbul olmuş tələbə Simuzər Bağıyevadır.

 

S.Bağıyeva 52 yaşında LDU-nun Sosial iş fakültəsinə qəbul olunub.

 

O, həm də şəhid Cəmil Həşimlinin anasıdır.

 

Söhbətimiz zamanı Simuzər xanım qeyd etdi ki, övladlarının arzularından biri onun ali təhsil alması idi...

 

- 1978-ci ildə Kürdəmir rayon Famil Həşimov adına 3 saylı tam orta məktəbə qəbul olub, 1989-cu ildə bitirmişəm. 1989-1990-ci illərdə Tibb Kollecində təhsil aldım. Daha sonra 1991-ci ildən etibarən Kürdəmir rayon mərkəzi xəstəxanasının uşaq şöbəsində fəaliyyət göstərdim. Hazırda həmin xəstəxananın Terapiya şöbəsində 15 ildir ki, Tibb bacısı kimi çalışıram. Ötən il isə Lənkəran Dövlət Universitetinin Sosial iş fakültəsinə qəbul oldum.

 

Oxuyub ali məktəbə qəbul olmaq əvvəldən arzum idi. Sadəcə olaraq ailə həyatı qurub övlad sahibi olduğum üçün arzumu həyata keçirə bilmədim. Övladımın hər biri ali təhsillidir. Ortancıl oğlum Cəmil Həşimli 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Övladlarım mənə hər zaman  “ana, səndə oxu ali təhsilin olsun” deyirdilər. Şəhid oğlumun arzularından biri də mənim ali təhsil almağım idi...Mən də onların və özümün arzusunu reallaşdırdım.

 

- Bəs bu müddət ərzində ali məktəbə necə hazırlaşırdınız?

 Açıklama yok.

- Ali məktəbə qəbul olmaq üçün 2023 - cü ilin yanvar ayından hazırlıq kurslarına üz tutdum. Buraxılış imtahanından 86 bal topladım və daha sonra qəbul imtahanı üçün fərdi olaraq tarix və coğrafiyar yanına getdim. Nəticədə qəbul imtahanından da müvafiq bal toplayaraq tələbə adını qazandım. Əvvəl Bakı Avrasiya Universitetinin Regionşünaslıq fakültəsinə əyani olaraq qəbul olmuşdum, lakin əyani deyil, qiyabı təhsil almaq istəyirdim. Bu barədə müraciətimi bildirdim, daha sonra isə məni Lənkəran Dövlət Universitetinin Sosial iş fakültəsinin qiyabi formasına qəbul etdilər.

 

- Bu yolda ən böyük dəstəkçiniz kim oldu?

 

- Ailə üzvülərim, demək olar ki, hər kəs bilirdi ki, ali məktəbə hazırlaşıram.  Bu istiqamətdə onlar mənə çox böyük motivasiya verirdilər. Ali məktəbə qəbul olma xəbərini eşidən ərəfələrdə sentyabr döyüşləri olduğuna görə açığı bir müddət sevinə bilmədim. Yəni bir müddət sevinə bilmədim. Daha sonra fikirləşdim ki, torpaqlarımızın azadlığı hər birimiz üçün böyük bir uğurdur. Buna görə də canlarını qurban verən şəhidlərimiz üçün pis olmaq yerinə, əksinə daha çox sevinib qürur duyub və fəxr etməliyik. Mən vətənimi, dövlətimi sevirəm və torpağımı uşaqlarıma tanıtmışam, lakin onlara bu torpağı sevməkdə heç bir məcburiyyət göstərməmişəm.

 

- Məlumdur ki, hazırda bir çox ali təhsil müəssisələrində imtahan sessiyası davam edir. İmtahanlardan keçmək sizin üçün çətin olmur ki?

 

- Oktyabrda 18 gün dərs keçdik və ona uyğun olaraq kollekvium imtahanları verdim. Daha sonra yanvarın 15-dən imtahanlar başladı və 5 fənn üzrə imtahanda iştirak edib qənaətbəxş qiymətlər aldım. Hazırda qış imtahan sessiyası bitib. İmtahanlara hazırlaşdığım müddətdə heç bir çətinliklə üzləşmədim. Çünki dərslərimə hər zaman davamiyyətim tam olub və dərslər yüksək səviyyədə keçirilib. Pedaqoji heyət hər zaman mənimlə maraqlanıb. 

 

Söz vermişəm ki, magistratura təhsilimi Qarabağ Universitetində alacağam. İstərəm ki, şəhid oğlum Cəmil Həşimlinin anasını hər zaman çalışqan, savadlı ana kimi tanısınlar.

 

- Az əvvəl Qarabağ Universitetində magistr təhsili almaq haqqında arzunuzu dilə gətirdiniz. Bəs, gələcəklə bağlı başqa hansı planlarınız var?

 

- Hər kəsin məqsədi olmalıdır. İstər gənc, istərsə də yaşlı hamı öz hədəfini müəyyənləşdirməlidir. Fəal ictimai şəhid anasıyam. Şəhid anaları və yoldaşlarını ətrafıma yığaraq həmişə “hər şeyə real gözlə baxmaq lazımdır” deyirəm. Öz yolumuzu tutmalıyıq. Məhz buna görə Sosial iş fakültəsini seçdim ki, mən cəmiyyət arasında olmalıyam və cəmiyyətə özümü ictimai savadlı bir xanım kimi mütləq təqdim etməliyəm. Gələcəkdə ixtisasım üzrə İcra hakimiyyətində istəyərdim.

 

- Maraqlıdır, ilk dərs gününüzü necə xatırlayırsınız? Bununla bağlı danışa bilərsiniz?

 

- İlk dərs günümü çox maraqlı gün olaraq xatırlayıram. Mənə hər zaman sual verilir ki, “auditoriyaya girən zaman nə hiss keçirdin?” qeyd etdiyim kimi ali məktəbə qəbul olmaq üçün hazırlıq kurslara gedirdim və ona görə də mənim üçün qeyri-adi olmadı.

 

Amma auditoriya mənim üçün tamamilə başqadır. Çünki artıq 33 ildir ki, parta arxasından ayrılmışdım. Çox rahat, sakit bir şəkildə auditoriyaya uyğunlaşdım. Bu rahatlığı mənə verən bilirsiniz nə idi?

 

- Nə idi?

 

- Mən universitetin qapısından içəri girəndə soruşdular ki, “kimin arxasınca gəlmisiniz?” Buna cavab olaraq “mən tələbəyəm” dedim. Əvvəlcə tərəddüd etdilər, lakin sonra bildirdim ki, mən şəhid Cəmil Həşimlinin anasıyam və bu universitetə qəbul olmuşam. Daha sözüm bitməmiş“buyurun, ana xoş gəlmisiniz” dedilər. Burada olan məhəbbəti, mehribanlığı gördüyüm andan etibarən özümü yad hiss etmədim. Hazırda Lənkəranda qalıram və burada mənə hər cür şərait yaradılıb.

 

- Müəllimləriniz və tələbə yoldaşlarınızla münasibətiniz necədir?

 

- İstər müəllimlərim, istərsə də  tələbə yoldaşlarımın hər biri hörmətimi saxlayır. Həm bir böyük kimi, həm də şəhid anası kimi tamamilə başqa hörmətimi saxlayırlar. Müəllimlərim dərsi izah edən zaman hətta xüsusi olaraq mənə “nəyisə başa düşmədinizsə bir də soruşa bilərsiniz”, - deyə müraciət edirlər.

 

- Simuzər xanım, son olaraq qeyd etmək istədiyiniz bir məqam var?

 Açıklama yok.

- Mən bütün şəhid anaları, bacıları və yoldaşlarını arxamca gəlməyi səsləyirəm. Yəni hər birini oxuyub ali təhsilə sahib olmağa çağırıram. Çünki sənəd sahibi olmaq hər kəsə lazımdır. Hamıya təhsilin ardınca getməyi arzulayıram. Ali təhsili ala bilmirlərsə, ən azından peşə təhsil almağa cəhd etsinlər.