Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 14:15:00
Peşə təhsilində gender balansı POZULUB – “Valideynlər elə bilirlər ki...”

Ötən gün Elm və Təhsil Nazirliyi tərəfindən peşə təhsili üzrə təhsilalanların statistikası açıqlanıb. Statistikaya əsasən peşə təhsili üzrə 28 652 tələbə təhsil alır.

 

Belə ki, təhsil alanların 19 721 nəfəri  kişi, 8 931 nəfəri isə qadındır. Rəqəmlərdən də məlumdur ki, peşə təhsilinə daha çox kişilər üstünlük verir.  

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova qeyd edib ki, oğlanların peşə təhsilinə üstünlük verməsinin səbəbi buraya olan maraq və seçimidir:

 

“Oğlanların çoxu akadamik təhsilə deyil, peşə təhsilinə üstünlük verirlər. Çünki peşə təhsili deyən zaman bəzi valideynlər elə bilirlər ki, burada yalnız dülgərlik, xarratlıq və s. kimi sahələr mövcuddur. Peşə təhsilinə yalnız “sən pis oxuyursan, ali məktəbə daxil ola bilməzsən” seçimi ilə yox, “bu mənim seçimimdir və mən aşbaz olmaq istəyirəm” olaraq baxılmalıdır. Bu nöqteyi-nəzərdən peşə təhsilinə təbliğat aparılsa düşünürəm ki, rəqəmlərdə dəyişikliklər olacaq. İlk növbədə seçimlərə baxmalıyıq. Peşə təhsilində qızlar üçün hansı seçimlər mövcuddur? Bu məsələyə düzgün aspektdən baxmaq lazımdır”.

 

Həmsöhbətimiz bildirib ki, peşə təhsilini populyarlaşdırmaq lazımdır:

 

“Bu gün dünyada ixtisaslar konkret sahəvi üzərinə qurulub. Lakin bizdə istər peşə və ali təhsil, istərsə də məktəbəqədər təhsilin hamısı daha çox sahəvi deyil, ümumi bilik bacarıqlara yönəlib. Ümumiyyətlə biz peşə təhsilini populyarlaşdırmağa çalışmalıyıq. Bunun yollarından da biri odur ki, onlar əmək bazarında asanlıqla iş əldə etdiklərini görsələr bu sahəyə daha tez yönələcəklər.

 

Əslində burada həvəsləndirici məqamlarda var. Peşə təhsilini alan tələbə sonradan ali məktəbə daha rahat qəbul ola bilir. Bu baxımdan düşünürəm ki, həvəsləndirici məqamlar da olmalıdır. Məsələn mən ixtisasca hüquqşünasam, lakin Amerikaya getsəm hüquqşünas kimi fəaliyyət göstərə bilməyəcəm. Amma peşə ixtisasına sahib insan dünyanın istənilən yerində həmin peşədə fəaliyyət göstərə biləcək. Buna görə də cəmiyyətə bu məsələni doğru şəkildə çatdırmaq lazımdır”.

 

Son olaraq G.Səfərova qızlar üçün peşə təhsilinin önəmindən danışıb:

 

“Qızlar əgər ali təhsil ala bilməyibsə, ən azından peşə təhsili almasını məqbul hesab edirəm. Çünki erkən nigaha məruz qalan qızların çoxu statistikaya əsasən boşanmalarla nəticələnir. Həmin qızların əlində hansısa bir təhsil olmadığına görə sabah ailə həyatı dağıldıqdan sonra iş əldə edə bilmir. Yəni iqtisadi asıllığı vəziyyətində qalır. Hesab edirəm ki, peşə təhsili iqtisadi asıllığı aradan qaldıran ən yaxşı variantlardan biridir. Bizdə belə bir məcburiyyət yoxdur ki, hamı həkim, professor, müəllim olmalıdır. Bəs maşın xarab olduqda kimə düzəltdirməliyik? Buna görə də fikirləşirəm ki, ixtisasları gender fərqliliyinə görə bölmək də doğru deyil”, - deyə fikrini tamamlayıb.