Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 12:34:30
Valideynlərə tövsiyə: İmtahana hazırlaşan övladlarınıza bunları ETMƏYİN  

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata əsasən ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi olan buraxılış imtahanları 3 martdan etibarən başlayır. İmtahan dövründə abituriyentlər qədər onların valideynləri də həyəcanlı olur. Ekspertlərin fikrincə bu dövrdə valideynlər övladlarına kömək etməli, onları stressə salacaq amillərdən uzaq tutmalıdırlar.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan sosioloq Sənubər Heydərova bildirib ki, imtahan dövründə valideynlər uşaqlarından daha çox stress keçirir:

 

“Bir neçə müddət sonra həm abituriyentlər, həm də onların valideynləri üçün gərgin dönəm başlayacaq. Bir çox gəncimiz məhz həyəcanının öhdəsindən gələ bilmədikləri üçün fərqli nəticələr göstərirlər. Bunu qəbul etmək lazımdır ki, imtahanda bilikdən çox stressi idarə etmə qabiliyyəti vacibdir. Bu qabiliyyət qabiliyyəti ailədə formalaşır. Valideynlər kriz anında necə davrancaqlarını bilmirlərsə, uşaqlarına da bu bilgiləri ötürə bilmirlər. Bir çox hallarda müşahidə edirik ki, valideynlərin həyəcanı övladlarından daha çox olur. Uşaq heç olmasa hazırlaşır, bir neçə dəfə sınaq imtahanı verir. Amma valideynlərin həyəcanı yalnız imtahan nəticələrini gördükdən sonra keçir”.

 

S.Heydərovanın  fikrincə valideynlər imtahana 3 gün qalmış uşağı kitablardan uzaq tutmalıdırlar:

 

“Bütün mütəxəssislər, psixoloqlar və psixatrlar imtahana 1 gün qalmışa qədər dərs oxuyub, təkrarlamağın düzgün olmadığını qeyd etsə də, abituriyentlər bunu nəzərə almır. Bu çox böyük yanlışdır və abituriyentlər bunu edərək beyinlərini daha çox stressə salırlar. Burada valideynlərin üzərnə düşən ən böyük öhtəlik imahana ən azı son 3 gün qalmış onları dərslərdən uzaqlaşdırmalarıdır. Son 3 gün heç nəyi dəyişməyəcək. Bu zaman ərzində uşaqlarını yalnız fiziki olaraq yorsunlar. Məsələn, gəzməyə, əylənməyə getsinlər. Bunda əsas məqsəd imtahan verəcək namizədləri stressdən az da olsa uzaqlaşdırmaqdır. Düşünürəm ki, bu, uşağın zehni olaraq dincəlməsinə kömək edəcək”.

 

Sosioloq qeyd edib ki, valideynlər həmin müddət ərzində uşaqlarını sosial təzyiqdən qorumalıdır:

 

“İlk növbədə sosial təzyiqin nə olduğunu aydınlaşdıraq. Abituriyentlərə imtahan ərəfəsində bir çox tanış, qohum, qonşu və s. tərəfindən sorğu-sual ünvanlanır. Hansı ki, “Necə hazırlaşırsan?”, “Oxuya bilirsənmi?”, “Nəticən necə oldu?”, “Niyə az bal toplamısan?” və s. kimi suallar ünvanlayırlar. Valideynlər həmin dönəm övladlarının yanında olmalı, onları bu təzyiqlərdən qorumalıdır. Hiss etdirməlidirlər ki, imtahandan göstərəcəkləri nəticədən asılı olmayaraq hər zaman övladlarının yanındadırlar. Çünki bir çox hallarda uşaqlarda elə bir fikir formalaşır ki, sözügedən prosesdən yaxşı nəticə göstərməsələr, valideynlərinin gözündən düşəcəklər. Bu düşüncəni aradan qaldırmaq üçün valideynlər böyük səy göstərməlidirlər”.

 

Müsahibimiz imtahan dövründə edilən daha bir yanlış davranışa diqqət çəkib:

 

“Valideynlərin ən çox etdiyi səhvlərdən biri də övladlarını başqa biri ilə müqayisə etmələridir. Hamıya məlumdur ki, bəzi ailələr var ki, “fılankəsin uşağı bu qədər bal toplayıb, sənin nəyin əskikdi?”, kimi ifadələr işlədərək onsuz da stresdə olan övladına təzyiq edir. Məhz bu səbəblərdən nəticəsi yaxşı olmayan abituriyentlər böyük depressiyaya girir və çox təəssüflər olsun ki, həmin şəxslərin intahara meyilliyi artır. Qəbul imtahanlarını abituriyentlər üçün  ölüm-qalım savaşına çevirmək olmaz. Bu dövrda yalnız və yalnız onlara dəstək olmaq lazımdır!”.