Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 10:50:00
“Cahandar ağanın Mələyi qaçırtmasına haradasa, haqq qazandırmaq olar, çünki...”  – Akif Aşırlıdan “Dəli Kür”ün təhlili

AzEdu.az təhsil portalı   tanınmışların oxuduqları kitablar, onların təhsil uğurları, təhsillə bağlı fikirlərinə də yer ayırır.

Bu yolla məşhurların dilindən ən sevdiyi romanların, bədii əsərlərin təhlili, onların məktəblə bağlı əhvalatları ilə  bağlı silsilə yazıları davam etdirir.

Akif Aşırlı və “Dəli kür” romanı

“Məşhurla oxu” rubrikasının budəfəki qonağı  jurnalist, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlıdır.

Xeyli sayda  bədii əsər oxuduğunu deyən Akif Aşırlı onların arasında  ən sevdiyi roman kimi İsmayıl Şıxlının “Dəli Kür”ünün  adını çəkib.

“Mən kitab mütaliəsini çox sevirəm,  çoxlu kitablar oxumuşam.

Ən çox sevdiyim roman İsmayıl Şıxlının   “Dəli kür” əsəri olub. Bildiyimiz kimi, əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır.

Bununla belə, romanda ailə-məişət məsələləri də geniş təsvir olunub.  “Dəli Kür” romanında məni ən çox düşündürən Cahandar ağa obrazıdır.    Sovetlər dönəmində ağa-bəy obrazı daha çox mənfi çalarda əksini tapırdı və təbii ki İsmayıl Şıxlı Cahandar ağanı yaratmaqla bəy obrazını bütün mənfi və müsbət çalarlarla verməyə çalışıb.

Bu əsər əsasında eyniadlı film də çəkilib. Amma filmdən fərqli olaraq, əsərdə  tamamilə başqa cür Cahandar ağanı görürük. Cahandar ağa əsərdə maarifçi  obrazdır.

Xatırlayaq ki, Cahandar ağa  evlidir,  iki oğul, bir qız atasıdır. Onun oğlu Əşrəf o dövr üçün əlçatmaz sayılan Qori Müəllimlər Seminariyasında təhsil almaq istəyir. Atası seminariyaya getməsinə həssas yanaşmasa da, qarşısını almağa çalışmır.  Ancaq filmdə əks olunanlar tamamilə başqa cürdür.

Onun digər oğlu Şamxal isə kənddə ailəsi ilə birgə yaşayır. Filmdə Cahandar ağanın evli bir gəlini-Allahyarın arvadını qaçırmasını göstərilir.

Digər tərəfi də var ki, Allahyarın arvadı olan Mələk obrazı öz ərinə bağlı olmur. Amma Mələk Cahandar ağanı sevir. Əsərdə sevgi, eşq məsələsi olduğu üçün   yəni özgə qadını dediyimiz Mələk obrazı Cahandar ağanı sevdiyi üçün o xanımı qaçırtmağa haradasa, haqq qazandırmaq olar.

Cahandar ağanın Mələyi evə gətirməsi ilə təbii ki, ailə arasında çox böyük söz söhbətlər baş qaldırır. Şamxal hər vəchlə öz atasına qarşı çıxır, çünki anasının üstünə  təzə qadını gətirməsini qəbul edə bilmir və sonda evi tərk edir. Atasının varlı olmasına baxmayaraq, ondan  heç nə istəmir və öz həyatını qurmağa çalışır.

İsmayıl Şıxlının “Dəli kür” əsəri ədəbiyyatımızın maraqlı nümunələrindən biridir”.

Qeyd edək ki, İsmayıl Şıxlının “Dəli kür” romanı geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan "Ayrılan yollar" əsərinin nəşr olunmasının ardından başlayıb və onu  1967-ci ildə tamamlayıb. Əsərdə hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. 

Günel Yaşarqızı