Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 16:34:00
“Maddi vəziyyət ucbatından 5 - ci sinfə qədər oxuya bildi” – Hüseynin anası

Ötən gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 

Əsirlikdən azad edilən azərbaycanlı hərbçilərdən biri Hüseyn Axundovdur.

 

AzEdu.az Təhsil Portalı Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.

 

O, oğlu Hüseynin təhsilindən, müəllimləri və sinif yoldaşları ilə münasibətindən söz açıb:

 

“Hüseyn ailənin sonuncu, yəni 4-cü övladı olub. Uşaq vaxtı çox sakit təbiətli idi. Babası ona həmişə “sən bəysən, özünü bəy kimi apar” deyərdi. Buna görə də məktəbə gedən zaman digər uşaqlara nisbətən özünü daha ciddi aparırdı. Hüseyin 5- ci sinfə qədər yaxşı oxuyub, amma ondan sonra tez-tez dərslərindən geri qalmağa başladı. Maddi vəziyyətimiz çox pis olduğu üçün oğlum 9 yaşından işləməyə məcbur qaldı. Digər övladımla bərabər başqalarının həyətində təmizlik işləri görərək, çörək pulu qazanmağa başlamışdılar. Çox təəssüf ki, heç 9-cu sinfin şəhadətnaməsini belə ala bilmədi”.

 

Şəlalə xanım qeyd edib ki, Hüseynin müəllimləri, sinif yoldaşları və dostları ilə çox yaxşı münasibəti olub:

 

“Oğlum ilk olaraq Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə 1 aya yaxın təhsil aldı. Daha sonra, Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbdə oxumağa başladı və həmin məktəbin məzunu oldu. Oğlum əsirlikdə olan zaman 4 saylı məktəbin direktoru Elnurə xanım başda olmaqla, müəllim kollektivi bizə gəlmişdilər. Eyni zamanda, 2 nömrəli məktəbin müəllimlərindən Samirə və Almaz müəllim də dar günlərimizdə bizi tək qoymadılar. Əsir düşməsinə hamı necə pis oldusa, indi isə azad olunması xəbərinə elə də sevinirlər”.

 

Müsahibimiz oğlunun arzularından da danışıb:

 

Hüseyn həmişə deyirdi ki, “Ana, yaxşı evim olsun, səni də orada xanım kimi saxlayım”. Bu onun ən böyük arzusu olub. Mənim isə  arzum odur ki, oğlum üçün hansısa qızın qapısına xonça ilə gedim”.