Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 16:06:04
Bir müddət öncə qızılca xəstəliyinin qeydə alındığı gimnaziyadan reportaj

Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya bir müddət əvvəl qızılca xəstəliyinin yayılması ilə əlaqədar onlayn tədrisə keçmişdi. Hazırda isə hər şey öz qaydasında və axarında davam edir.

 

AzEdu.az xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı gimnaziyada olub, tədris prosesi ilə maraqlanıb.

 

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binada yerləşən və bir neçə korpusdan ibarət olan təhsil ocağında aztəminatlı ailələrin övladları ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da təhsil alırlar. Gimnaziyada Şəki-Zaqatala bölgəsinin rayonları ilə bərabər, respublikamızın müxtəlif rayonlarından olan şagirdlərə də rast gəlmək olar.

 

 

Təhsil ocağının rəhbərliyi ilə foyedə, şəhidlərin xatirə lövhəsi qarşısında görüşürük. Gimnaziya barədə qısa məlumat alandan sonra ibtidai siniflərdən birinə daxil oluruq. Uşaqların geyimi, sinif otaqlarının təmizliyi diqqətimizdən yayınmır.

 

Gülərüz, mehriban uşaqlardan ayrılıb təhsil ocağının kitabxanası, akt zalı və mətbəxinə də baş çəkirik. Mətbəxdə günorta yeməyi üçün hazırlıq işləri gedir.

 

Həkim-terapevt İmarət Mahmudova və daha iki tibb bacısı qızılca xəstəliyi qeydə alındıqdan sonra burada tibbi nəzarəti daha da artırıb. Həkimin sözlərinə görə, uşaqların gün ərzində iki dəfə hərarəti ölçülür, nəzarətdə saxlanılırlar. Hər hansı birində narahatlıq olarsa, tibb məntəqəsindəki izolyasiya otağına cəlb edilir. Yox, əgər uşaqlarda qızdırma və ağrılar varsa, dərhal təcili tibbi yardım çağrılır və rayon mərkəzi xəstəxanasına göndərilir.

 

 

Son günlərdə bütün heyət gücləndirilmiş iş rejimində işləyir.

 

Uşaqların asudə vaxtlarının təşkili yerləri və yataqxanası ilə də maraqlanırıq.

 

Gimnaziyanın direktor müavini Zaur Müslümov bizimlə söhbət zamanı bildirdi ki, qızılca xəstəliyindən sonra yataqxana, eləcə də şagirdlərin istifadə etdikləri bütün əşyalar, hətta oyuncaqlar belə yenilənib, dezinfeksiya işləri aparılıb. Uşaqların sanitar-gigiyenik sağlamlıqları müəllimlər və dayələr tərəfindən mütəmadi nəzarətdə saxlanılır.

 

 

Direktor Taliyət Babayeva isə deyir ki, burada uşaqların geyimindən yeməyinə, dərsliklərdən yataqxanasına kimi bütün təminat dövlət tərəfindən qarşılanır. O ki qaldı, qızılca xəstəliyinə və uşaqların sağlamlıq məsələsinə artıq bununla bağlı xüsusi qaydalar və tələblər müəyyənləşib, həkim nəzarəti artırılıb.

 

Gimnaziyanın direktoru onu da diqqətə çatdırdı ki, ötən tədris ilində şagirdlərdən iki nəfər 600-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunub. Bu il də ötənilki uğuru təkrarlamaq üçün şagirlər arasında təlim-tədris prosesi gücləndirilmiş qaydada davam etdirilir.