Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 12:08:00
Tələbələr də liftdən istifadə edə bilər? – Universitetlər CAVAB VERDİ

Universitetlərdə liftlərin istifadə edilməsi ilə bağlı tələbələr arasında narazı fikirlər səslənilir. Qeyd olunur ki, lift yalnız müəllimlər və işçilər üçün nəzərdə tutulur. Belə olan halda tələbələrin istifadəsində müəyyən problemlərin yaşandığı diqqətə çatdırılır.

 

Maraqlıdır, universitetlərdə liftdən istifadə yalnız müəllim və işçilərə şamil edilir?

 

 

Məsələ ilə bağlı AzEdu.az təhsil portalı olaraq universitetlərə sorğu ünvanladıq.

 

 

Sorğumuza cavab olaraq Bakı Ali Neft Məktəbindən (BANMbildirildi ki, universitetdə tələbələr üçün elə bir məhdudiyyət yoxdur.

 

 

“Liftlər hamı üçün nəzərdə tutulub”.

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd edib ki, UNEC-də liftlər müəllim, tələbə və əməkdaşlar üçün nəzərdə tutulub:

 

“Hər bir şəxs istənilən liftdən bərabərhüquqlu istifadə edə bilir”.

 

 

Qərbi Kaspi Universitetinin KİV və İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Vüsal Məmmədov vurğulayıb ki, tələbələr də liftdən gündəlik olaraq istifadə edirlər:

 

“Baxmayaraq ki, həm də liftlərin qarşısında belə bir məlumatlandırıcı xəbərdarlıq yerləşdirmişik: “Gəzmək sağlamlıq üçün faydalıdır”. Bununla belə liftdən istifadəyə də məhdudiyyət yoxdur”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2 tədris binasında ümumilikdə 14 lift var:

 

“Liftlər həm müəllimlərə, həm də tələbələrə xidmət göstərir. Bundan əlavə, müəllim və tələbələrin liftlərdən təhlükəsiz və konfortlu istifadəsi üçün həmin liftlərə mütamadi olaraq texniki qulluq edilir və çatışmazlıqlar aradan qaldırılır”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova söyləyib ki, liftlər hər kəs üçün xidmət göstərir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə liftlər hal-hazırda təmirdədir.

 

“Ümumilikdə hamı üçün nəzərdə tutulur”.

 

 Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki,  universitetinin bir çox korpuslarından lift var:

 

“Buraya klinikalarda daxildir. Universitetin bəzi kafedraları klinikalarda yerləşdirilir. Ağır xəstələr eyni zamanda müəllim heyəti, işçi heyəti və tələbələr liftlərdən istifadə edir. Klinikalarda tələbələr üçün ayrılmış liftlər var. Digər korpusun liftlərindən də tələbələr istifadə edir”.

 

Bakı Slavyan Universitetinin (BSU) KİV-lə əlaqələr üzrə mütəxəssis Günel Natiqqızı qeyd edib ki, universitetdə liftlər həm tələbələr, həm də elim-pedaqoji və inzibati heyət üçün nəzərdə tutulub:

 

“Tələbələr “Tələbə kartı” vasitəsilə  universitet liftlərindən maneəsiz şəkildə istifadə edə bilərlər”.

 

Azərbaycan Universitetinin (AU) mətbuat katibi Lalə Dilanova söyləyib ki, liftlərdən həm tələbələr, həm də müəllim və işçilər istifadə edir.

 

Bakı Dövlət Universitetindən (BDU)  verilən məlumata görə universitetdə belə bir problem yoxdur:

 

"Heç bir ayrıseçkilik qoyulmadan liftlərdən hamı - tələbələr, müəllimlər, işçilər istifadə edirlər".