Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 13:37:22
Qarabağ mövzusu Web of Science beynəlxalq elmmetrik platformasında

Qarabağ mövzusunda olan elmi nəşrlərin SCOPUS və Web of Science kimi elmmetrik verilənlər bazasında araşdırılması mövzuya dair dünya elmi ictimaiyyətinə təqdim olunan elmi əsərlərin cari vəziyyətinin (kəmiyyəti, elmi təsiri) öyrənilməsi cəhətdən mühüm əhəmiyyət kəsb edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Bildirilib ki, araşdırma metodikası Web of Science elmmetrik bazasında topic (title, abstract, author keywords, and Keywords Plus.) axtarış meyarı üzrə “Garabagh” or “Karabakh” or “Garabakh” or “Karabagh” açar sözlərini daxil etməklə əldə olunan nəticələri müxtəlif aspektlərdən təhlil etməkdir.

 

Araşdırma nəticəsində “Web of Science” elmi platformasında indekslənən jurnallarda Qarabağ mövzusuna dair 609 elmi əsər müəyyən olunub ki, bu da 5 fevral 2022-ci il statistikasına1 əsasən müəyyən olunan 331  elmi əsərlə müqayisədə 46% artımın müşahidə olunduğunu göstərir.

 

Bunların 504-ü məqalə, 59-u kitab fəsli, 37-i kitab icmalı, 22-si konfrans materialı, 23-ü redaksiya materialı, 5-i kitabdır. Elmi işlərin nəşr olunduğu dillər üzrə statistika isə belədir: ingilis dilində 497, rus dilində 57, alman dilində 20, fransız dilində 12, ispan dilində 8, türk dilində 10 nəşr və s.

 

Müəyyən edilib ki, 609 elmi əsərə 1868 məqalə (özünəistinadsız 1663) tərəfindən 2651 (özünəistinadsız 2130) dəfə istinad verilib. H-indeksi 25-dir. Hər məqaləyə düşən orta istinad sayı isə 4.35-dir. Mövzu üzrə ən çox məqalə (72) və ən çox istinad sayı (405) 2022-ci ilə aiddir.

 

Web of Sciece-da mövcud olan Qarabağ mövzusuna aid 609 məqalənin 202-si siyasi elmlər, 152-si beynəlxalq münasibətlər, 114-ü regionşünaslıq, 65-si tarix, 35-i etnik araşdırmalar, 32-si iqtisadiyyat, 26-sı coğrafiya, 19-u humanitar və multidissiplinar, 14-ü social elmlər, 11-i dini araşdırmalar, digərləri isə mədəniyyətşünaslıq, təhsil və s. sahələrə aid elmi işlərdir.

 

Biznes/İqtisadiyyat elm sahəsi üzrə mövzuya dair mövcud 32 məqalədən 1-i Azərbaycanlı müəllifə aiddir.  Bu 2022-ci ildə “JOURNAL OF EASTERN EUROPEAN AND CENTRAL ASIAN RESEARCH” jurnalında (Q3) dərc olunmuş “Analysis Of The Foreign Policy Of Azerbaijan In The Perspective Of Neorealist Theory: In The Example Of The Karabakh Problem” məqalədir. Məqalənin müəllifi s.ü.f.d.  Məmmədov Aqil UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin əməkdaşıdır. Ümumilikdə Qarabağ mövzusunda UNEC əməkdaşlarına məxsus 4 məqalə mövcuddur.

 

Qarabağ mövzusunda yazan tədqiqatçı müəlliflərin aid olduğu ölkələr üzrə bölgüdə  məqalə sayına görə sıralama belədir: ABŞ (96 məqalə), Ermənistan (81), Azərbaycan (77)4, İngiltərə (71), Rusiya (56), Türkiyə (34), Almaniya (37), Fransa (24), İsveçrə (13), Norveç (11), İran (11) və s.

 

Sonda bir faktı vurğulamaq lazımdır ki, Qarabağ işğal altında olduğu müddətdə bu ərazidə yerləşən qurumlarda fəaliyyət göstərən tədqiqatçıların Web of Science-da indekslənən məqalələri Azərbaycana aid nəşrlərin siyahısına (ünvanı Azərbaycan göstərdikləri üçün) daxil olur.  Bu nüans da elmmetrik araşdırmalarda daha diqqətli olmağı tələb edir.