Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 17:47:00
Rəsədxana əməkdaşları Qazaxıstanda keçirilən qış məktəbində iştirak ediblər

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova və Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin kiçik elmi işçisi Samirə Rəhimli Qazaxıstanın Almatı şəhərində ezamiyyətdə olublar.

 

Bu barədə AzEdu.az-a rəsədxanadan məlumat verilib.

 

Ezamiyyət zamanı rəsədxana əməkdaşları Əl-Farabi Qazax Milli Universitetinin Fizika və Texnologiya fakültəsi tərəfindən keçirilən “Astronomik müşahidə materiallarının IRAF vasitəsilə emalı və analizi” adlı qış məktəbində iştirak ediblər. Qış məktəbi çərçivəsində onlar universitetdə tətbiq edilən astronomik materialların müasir üsullarla emalı metodikaları və analiz üsullarının öyrədilməsi məqsədilə kurslara cəlb ediliblər.

 

Fizika və texnologiya fakültəsinin daxili seminarında A.Həsənovanın “HD208501(B8Ib) ifratnəhəng ulduzu atmosferində qeyri-stasionar proseslər”, S.Rəhimlinin “NGC3516 Seyferd qalaktikasının fotometrik tədqiqi” mövzusunda məruzələri dinlənilib.

 

Sonra mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Rəsədxana əməkdaşları Qazaxıstanın V.Q.Fesenkov adına Astrofizika İnstitutunda və Tien Şan Astronomiya Rəsədxanasında da olublar.