Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 17:26:17
Zal nəzarətçisi sertifikatı üçün təlim mərhələləri davam edir

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün müsahibə mərhələsi 24 noyabr, ümumi intellekt səviyyəsinin yoxlanılması mərhələsi isə 2 dekabr tarixində yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, müsahibə üçün qeydiyyatdan keçmiş 3199 namizəddən indiyədək 2065 nəfəri müsahibə mərhələsindən uğurlu nəticə əldə edərək növbəti mərhələlərdə iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində uğur qazanan 2065 namizəddən 1917 nəfəri ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında iştirak edib və onlardan 1807 nəfər uğurlu nəticə əldə edib.

 

Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən namizədlərin birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə mesaj göndərilir.

 

Nəzərinizə çatdıraq  ki, ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında məqbul nəticə əldə edən 1807 namizəddən 845 nəfəri birinci təlim üçün qeydiyyatdan keçib və onlardan 837 nəfər bu təlimdə iştirak edib.

 

Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir.

 

Birinci təlimdə iştirak edən namizədlərin də “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməsilə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə mesaj göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumat verilir və fikir mübadiləsi aparılır.

 

Nəzərinizə çatdıraq ki, ikinci təlimdə iştirak etmək üçün 485 nəfər qeydiyyatdan keçib.

 

Zal nəzarətçilərinin sertifikatlaşdırılması prosesi ilə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına elektron məktub göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

 

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.