Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 10:29:00
Mütəxəssis: Hazırkı müəllimlərin sayı 10 ilin ehtiyacını qarşılayır

Müəllimlərin işə qəbulu zamanı vakant yerlərin az olması bir çox müəllimin kənarda qalmasına səbəb olur. Bunun əsas səbəbi ali təhsil müəssisələrinə qəbul zamanı bu sahəyə ayrılan plan yerlərinin çox olmasıdır.

 

Əgər müəllimlik fəaliyyəti üçün vakansiya sayı az olursa, bu sahəyə tələbat niyə artırılır?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki,  istər ali məktəblərə, istərsə də işə qəbul zamanı tələb-təklif prinsipinə riayət olunmalıdır.

 

“Əvvəllər müəllimlik ixtisasının plan yerlərini Dövlət Plan Komitəsi müəyyən edirdi. Təhsil Nazirliyi bütün rayonlara vakansiya ilə bağlı müraciət edir, rayonlarda ixtisaslar üzrə hansı fənn müəliminə nə qədər təlabat varsa, ona uyğun ali məktəblərə plan yerləri müəyyənləşdirilirdi. Tələb-təklif prinsipinin əsası da budur. Rayonlar nə qədər vakansiya veribsə, ali məktəb ona uyğun müəllim hazırlayıb, uyğun vakansiya üzrə təyinat verirdi. Bu qaydanın tərtib olunması, müəllimlər üşün işsizlik probleminin yaranmasının qarşısını alırdı".

 

N.İsrafilov qeyd edib ki, hazırda universitetlərdə müəyyən olunan plan yerləri tələbatdan üç-dörd dəfə artıqdır:

 

“Müəllimlər arasında rəqabətliliyi artırmaq üçün test imtahanı, müsahibə mərhələsi və s. imtahanlar təşkil olunur.  Onlar içərisində ən yaxşıları seçilir və digər müəllimlər də işsiz qalır. Buna görə də müəllimlərdən ibarət işsizlər ordusu yaranır. Tələbata uyğun müəllim kadrları yetişməlidir. Hazırkı müəllimlərin sayı 10 ilin müəllim ehtiyacını qarşılayır”.

 

Ekspert mövcud problemin həlli üçün iki təklif irəli sürüb:

 

“Hesab edirəm ki, tələb – təklif prinsipinin gözlənilməsini və ya universitetə qəbul balının artırılması lazımdır. Təhsilin keyfiyyətini artırmaq üçün universitetlərə qəbul balı artırılsa, univetsitetlərin qəbul planı dolmur”.

 

Həmsöhbətimiz onu da qeyd edib ki, müəllimlərin təyinatı yaşadığı əraziyə uyğun olmalıdır:

 

“MİQ imtahanı zamanı yüksək bal toplayan müəllimlər şəhərin mərkəzini seçir, aşağı bal toplayan müəllimlər isə ətraf və dağlıq rayonlarda dərs keçirlər. Biz də deyirik ki, bu rəqabətdir, belə rəqabət olmaz...Müəllimlər 1-2 bal fərqə görə yaşadığı yerdən uzağa təyinat alır və bu müəllimin işini daha da çətinləşdirir”.

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları