Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 12:00:00
Mükəmməl övlad böyütmək istəyərkən, onların şəxsiyyət kimi yetişməsinə mane olursuz!

Valideynlərin övladlarından tələbi “hamıdan yaxşı ol”, “hər kəsin içində sənin haqqında qürur hissi danışa bilim”, “Hamı görsün ki, mənim uşağım necə ağıllıdır” və s. kimi bu yolla övladlarından peşəkarlıq gözləyirlər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının (APAK) rəhbəri Səbinə Cəbrayılova qeyd edib:

 

“Bir çox hallarda valideynlər özlərinin vaxtı ikən bacara bilmədiyini və keçirdikləri təəssüf hissini uşaqları üzərindən kompensasiya etməyə çalışırlar. Özlərinin yarım qalmış arzularını övladları vasitəsilə həyata keçirməyə çalışırlar. Həmçinin övladları sanki onların övladı deyil, kimlərəsə nəyisə sübut etmək üçün bir layihədir. “Mən yaxşı biriyəm və mənim yetişdirdiyim övlad ağlı və tərbiyəsi ilə hər kəsə nümunədir” başlığı ilə övladları üzərindən rəğbət almağa çalışırlar.  Bu da uşaqların psixikasına çox mənfi təsir edir və uşaqlarda şərtli sevgi yaradır. Yəni mən əgər oxusam məni seçəcək, anamın istədiyini etsəm məni çox istəyəcəklər. Bu da onun böyüyəndə şəxsiyyət kimi formalaşmasında öz mənfi təsirini göstərir. Özü şərtli sevgi ilə böyüyən uşaq gələcəkdə özgüvəni aşağı, digərlərindən asılı tip olaraq formalaşmış olur”.

 

Həmsöhbətimiz bildirib ki, daxilən yalnız və hansı uğurları əldə etmələrinə baxmayaraq hər zaman özlərindən narazı ( valideynindən öyrəndiyi davranış forması ) və özlərini daimi tənqid edən şəxslər kimi formalaşmağa başlayırlar:

 

“Yəni bu prosesin fərqinə varmasalar həyatları boyu xoşbəxt olmağı bacarmırlar. Bu uşaqların daxilində özlərindən asılı olmadan paxıllıq, kibir kimi hisslər formalaşır.  Bu da dost münasibətlərində digər  uşaqların onlara olan münasibətində öz mənfi təsirini göstərir. Məsələn bu uşaqlar: “Niyə X şagirdə 5 yazdınız o məndən nəyi yaxşı danışdı ?”, “Niyə Y şagirdi lövhəyə çağırdınız mən birinci əl qaldırmışdım” kimi cümlələrlə artıq yoldaşlarında özlərinə qarşı aqressiya yaradırlar. Digər uşaqlar ondan hansısa mövzu haqqında soruşanda, ya kömək istəyəndə “Mən bilmirəm, oxuyardın, bilərdin” kimi cavablar verirlər. Bununla da sinif yoldaşları onlardan kənarlaşmağa başlayır və zamanla tək qalırlar”.

 

Son olaraq S.Cəbrayılova söyləyib ki, valideynlər özləri də fərqində olmadan mükəmməl övlad yetişdirmək istəyərkən onların şəxsiyyət kimi yetişməsinə önəm vermir, gələcəkdə daxilən yalnız, digərləri tərəfindən sevilməyən bir insan yetişdirirlər:

 

“Nəticədə bu uşaqlar valideynləri tərəfindən alışdırıldıqları üçün özlərini şərtli, kiməsə nəyisə vermək ilə sevdirirlər, qəbul etdirirlər. Və  ya işində, peşəsində həqiqətən uğur əldə edərək bu yolla özlərini sevdirməyə çalışırlar. Valideyn kimlərəsə “mən yaxşı, ağıllı uşaq böyüdürəm” sübut etmək istəyinin nəticəsi ən yaxşı halda peşəsində uğur əldə edən, lakin ətrafındakı insanlar tərəfindən sevilməyən bir şəxsiyyətin formalaşmasına səbəb olur - deyə fikrini yekunlaşdırıb.