Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 09:40:00
TƏNQİD: Ölkəmizdə istinad mədəniyyəti aşağı səviyyədədir

Tələbələr buraxılış işi yaxud dissertasiya yazarkən istinad verməklə bağlı bir sıra problemlərlə üzləşirlər. Tələbələrin elmi iş yazmaqla bağlı bilik və söz bazasının az olması onların başqalarına məxsus fikri təhrif edərək mənimsəməyi ilə nəticələnir. Bu isə plagiata səbəb olur.

 

Tələbələrə istinad mədəniyyətinin öyrədilməsi üçün hansı addımların atılması zəruridir? Onlara elmi iş yazmağın texnikaları nə zamandan etibarən aşılanmalıdır?

 

Təhsil üzrə mütəxəssis Rafiq İsmayılov mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.

 

R.İsmayılov bildirib ki, elmi mətnlərin yazılması prosesinə orta məktəbdən başlamaq lazımdır: “Elmi mətn yazmağın özünün metodikası var. Elmi iş yazarkən istinadlardan çox istifadə etmək də istinadı mənimsəyib, göstərməmək qədər problemli məsələdir. Təəssüf ki, elmi işlərə baxarkən görürük ki, işin yarısını istinad təşkil edir. Bu fakt elmi dildə kompilyasiya adlanır. Yaxud da istinadları gizlətmə halları ilə rastlaşırıq. Bu isə birbaşa plagiatdır. Əslində tələbə müraciət etdiyi mənbəni ümumiləşdirməyi bacarmalıdır. İstinada o zaman müraciət edilir ki, elmi işin müəllifi öz fikirlərini təsdiq etmək üçün mötəbər mənbədən dəstək alsın. Bununla da aydın olur ki, daha öncədən də bu fikir ətrafında bir sıra nüfuzlu alimlər fikir bildiriblər. İndiyə qədər orta məktəb dərsliklərində bu nüansa əhəmiyyət verilməyib. Artıq 5-ci sinifdən başlayaraq  Azərbaycan dili dərsliklərində  qeyri-bədii, elmi mətnlərin yazılma qaydalarını şagirdlərə öyrədilməsinə başlamışıq. Bunun nəticəsində onlar məktəbyaşından etibarən öz fikirlərini arqumentləşdirərkən əvvəlki mənbələrə müraciət etmə qaydalarını, hansı məqamlarda müraciətə ehtiyac olduğunu və s. qaydaları öyrənmiş olacaq”.

 

Müsahibimiz qeyd edib ki, elmi mətnin metodikası öyrədildikdən sonra tələbələrə elmi işləri yazmaq həvalə edilməlidir: “Hələ ki, ölkəmizdə istinad mədəniyyəti aşağı səviyyədədir. Bunun bir səbəbi də indiyə kimi bu məlumlatları orta məktəb dərsliyinə daxil etməməyimizdir. Çünki bizdən də elmi mətnlərin öyrədilməsi tələb edilməyib. Bu məsələni Azərbaycan dili dərslikləri həll etməlidir. İndiyə qədər Azərbaycan dili dərsliyində hekayə, esse və s. mövzular yer alırdı. Ancaq arqumentativ, informativ, izahedici mətnlər yazarkən tələblər, yazılma qaydası, strukturu, irəli sürülən fikirlə arqument arasındakı əlaqənin qurulması, giriş hissənin yazılması, nəticənin hazırlanması prosesi təəssüf ki, indiyə qədərki dərsliklərdə yer almayıb. Düzdür, digər fənlərdə də bu cür mətnlər tapşırıla bilər, ancaq onun metodikasını Azərbaycan dili dərsliyi öyrətməlidir”.

 

Azərbaycan dili dərsliyinin müəllifi vurğulayıb ki, artıq gələn ildən etibarən istifadəyə veriləcək dərsliklərdə bu məqamlar öz əksini tapacaq: “ Növbəti ildə nəşr olunacaq Azərbaycan dili dərsliklərində 5-ci sinifdən etibarən elmi mətnlərin yazılma qaydaları yer alacaq. Siniflər artdıqca mövzular daha da dərinləşəcək. Buraya mətnlərin növləri, qeyri-bədii mətnlərə xas strukturu, dil-üslub məsələləri, fikirlərini arqumentləşdirməyi və nüfuzlu, mötəbər mənbələrə müraciət etməyin yolları aiddir”.