Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 17:36:00
Xankəndidə dərs deyən müəllim: “Qismət olsa, sağalsam...”

Prezidentin sərəncamına əsasən Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

 

Xankəndidə yerləşən ilk ali təhsil müəssisəsi 1969-cu ildə fəaliyyətə başlayan Azərbaycan Pedaqoji İnstitutunun filialı olub. 1973-cü ildən isə Xankəndi Pedaqoji İnstitutu müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

 

AzEdu.az təhsil portalı olaraq vaxtı ilə Xankəndi İnstitutunda müəllimlik fəaliyyəti ilə məşğul olan Bakı Dövlət Universitetinin dosenti Mirələm Vəliyevdən köhnə xatirələri, fəaliyyəti dövrü, tələbələri barədə müsahibə aldıq.

 

Müsahibəni təqdim edirik..

 

-Mirələm müəllim, zəhmət olmasa əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz..

 

-Mən, Azərbaycan Pedaqoji İnstititunun Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Yaradıcı fəaliyyətimi təqdir etdikləri üçün 1970-ci ildə Ali və Orta İxtisas Təhsil nazirinin təyinatı ilə Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialına müəllim kimi təyin olunmuşam. 1988-ci ilin noyabr ayına kimi universitetdə bir-birinin ardınca müəllim, baş müəllim, dosent, ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin dekan vəzifəsi üzrə fəaliyyət göstərmişəm. Xankəndi fililalının yaranması Ulu öndər Heydər Əliyevin xidməti ilə birbaşa bağlı idi. H.Əliyev Xankəndidə Azərbaycanlıların sayının çoxalması üçün APİ-nin fililalının açılmasına şərait yaratdı. Hətta şəhər sovetinin sədri deyirdi ki, gedin Mingəçevirə, Gəncəyə və b. şəhərlərə. Şəhərdə günü-gündən müəllimlərin, ailələrin, eləcə də uşaqların sayı artırdı. Xankəndidə bir vaxtlar təhsil alan tələbələrin bir-çoxu elm sahəsində doktorluq adı qazanmış şəxslərdəndir.

 

-Xankəndidə keçən müəllimlik illərinizi necə xatırlayırsınız?

 

-Həmin dövrlər yaddaşımda çox yaxşı anlarla qalıb. Sevindirici haldır ki, tələbələrimiz respublikanın bir çox bölgəsində elmi fəaliyyətlə sayılıb-seçilir.

 

 

-Bəs tələbələriniz arasında unuda bilmədiyiniz biri var?

 

-Bütün tələbələrim bugünkü kimi yaddaşımdadır. Məsələn Ağcəbədi rayonundan olan Eynulla Hacıyev adlı tələbəm universiteti fərqlənmə diplomu ilə bitirmişdi O, uzun illər Ağcəbədi rayonunda məktəb direktoru kimi fəaliyyət göstərib.

 

-1988-ci ildən sonra Xankəndi filialında fəaliyyətinizi dayandırmağınızın səbəbi nə idi? 

 

-1988-ci ildən sonra institut fakültələrə bölündü. Həmin vaxt mənim tədris etdiyim fakültə Gəncə şəhərinə köçürüldü. Xatırlayıram ki, həmin vaxt biz müəllimlər hamımız bu qərara etirazımızı bildirdik ki, bir yerdə işləmək istəyirik.  Bundan sonra bizi kollektiv şəkildə Gəncə Pedaqoji İnstitutuna köçürdülər. Gəncədə bir müddət işlədikdən sonra Şuşaya getmək üçün mübarizə apardıq və nəticədə Şuşada fəaliyyətimizə davam etdik. Ailəm Bakıda yaşadığı üçün 1992-ci ildən  2023-cü ilə qədər Bakı Dövlət Universitetində işləmişəm.

 

-Bir-birinin ardınca Xankəndi, Gəncə, Şuşada işlədikdən sonra Bakıya uyğunlaşmaqda çətinlikləriniz oldu?

 

-Bəli, adaptasiya prosesi bir qədər çətin olur. Lakin insan işlədikdən sonra mövcud şəraitə uyğunlaşır.

 

-Mirələm müəllim, o dövrün ali təhsili ilə indiki arasında hansı fərqlər mövcuddur?

 

-Təhsilin keyfiyyəti, formatı zamanla, tarixlə birbaşa bağlıdır. İndi kompüter, texnologiya əsridir. O dövrün tələbləri ilə indi eyni deyil. Tələbələr internetdən istədikləri məlumatı axtarıb-tapmaqda sərbəstdirlər.  Düşünürəm ki, indi təhsildə  daha çox müstəqillik var. Tələbələr azad və müstəqildir. 1990-cı ildə Şuşadakı mitinqdə çıxış edərək bildirdim ki, mən ailəmi, uşağımı Bakıda qoyaraq Şuşada çalışmağa gəlmişəm. Çalışmaq, işləmək, əmək vermək lazımdır. Bizim tələbələrdən müharibədə iştirak edənlər çox oldu, lakin adlarını tam xatırlamıram.

 

-İnstitutla bağlı xatırlayanda heyifsiləndiyiniz anlar var?

 

-Biz ermənilərlə əvvəllər mehriban idik. Lakin sonradan onlar bizə qarşı çıxmağa başladılar. Onların naşükürlüyü insanı təəssüfləndirir. Çünki Azərbaycan xalqı olanlara əl tutdu, kömək elədi, qayğı göstərdi, amma yenə də onlar öz xislətindən dönmədi. Onlar qarşılarına tələb qoymuşdular ki, azərbaycanlılarla salamlaşmaq olmaz.

 

-Tələbələriniz arasında ermənilər var idi?

 

-Bəli, var idi. İnstitutda Azərbaycan, rus və erməni bölməsi var idi. Metodika fakültəsində dekan vəzifəsində fəliyyət göstərdiyim müddətdə 3 dildə tələbələrə dərs keçirdim.

 

-Erməni tələbələrin müəllimlərlə münasibəti necə idi?

 

-Biz onlara fərq qoymadan kömək edirdik. Hətta məhsul yığımında da Azərbaycan xalqı onlara köməklik yardım göstərirdi. Quzanlıda, Ağcəbədinin kəndlərində yerli camaat onları qonaq çağırır, hörmət edirdi. Hər gün onları yemək-içməklə təmin edirdilər. Lakin onlar bizə qarşı düşmən çıxdılar.

 

 -Yeni açılacaq Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərməyi istərdiniz?

 

-Mən hələ o vaxtlar fəaliyyətimi APİ-də yox, Xankəndidə davam etdirdim. Çünki mən Ağdamda doğulmuşam. Yaxın olduğu üçün də məhz Xankəndini seçdim. Getdiyim üçün də heç vaxt peşman olmadım. Tələbələri maarifləndirib, savadlandırdıq.  Çox istəyərdim ki, yeni yaradılacaq Qarabağ Universitetində fəaliyyət göstərim,  amma səhhətimdə hazırda problem var. Qismət olsa, sağalsam gedəcəyəm..