Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 14:50:01
DİM-də "Şagird-məzun" sistemi üzrə növbəti seminarlar keçirilib

20-28 noyabr 2023-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi Bakı, Gəncə, Şəki, Göyçay, Bərdə və Şəmkir şəhərlərində müvafiq regional təhsil idarələrinin və tabeliklərində olan rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumtəhsil müəssisələrinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün növbəti seminarlar keçirib.

 

AzEdu.az xəbər verir ki, seminarlarda 2023/2024-cü tədris ilində yekun attestasiya üzrə təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlər müzakirə edilib.

 

Qeyd edilən mövzularla bağlı DİM-in Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov iştirakçıları məlumatlandırıb, “Şagird-məzun” sisteminə müvafiq məlumatların vaxtında, tam və düzgün daxil edilməsinin vacibliyini vurğulayıb, işin gedişində yarana biləcək problemlərin həll yollarını göstəribr. Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov, baş məsləhətçilər Hidayət Cavadlı və Ruxsarə Səlimli “Şagird-məzun” sistemindən istifadə qaydalarını nümayiş etdirib və sistemin yeni funksional imkanları barədə ətraflı məlumat veriblər. Seminarlarda həmçinin təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların bununla bağlı sualları ətraflı cavablandırılıb.

 

Bununla da “Şagird-məzun” sistemi və yekun attestasiya ilə bağlı ölkənin ümumtəhsil müəssisələri ilə keçirilən seminarlar başa çatıb.