Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 10:33:00
“Sevincindən qanad açıb uçan” şagirdin müəllimi: “Sinfə balaca Günel kimi daxil oluram”

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 


Bu dəfə haqqında bəhs etdiyimiz müəllim özünəməxsus maraqlı metodlar ilə şagirdlərinə dərsi izah edən ibtidai sinif müəllimi Günel Əkbərdir.

 

 

Belə ki, müəllimin qeyri-adi dərslərindən müxtəlif görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

 

Özünü müəllimlikdən ziyadə, daima öyrənməyə həvəsli bir şəxs kimi təqdim edən Günel müəllim, hər zaman şagird ruhlu olduğunu qeyd edib...

 

 

- Hər zaman yeni nələrsə öyrənməyə, özümdəki şagird ruhunu qoruyub, saxlamağa çalışıram. Fikirləşirəm ki, bu yeniliklər mənə nələrsə qatır və hər gün  məni bir az daha böyüdür.

 

5 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. İlk növbədə 2016-cı ildə 322 nömrəli  tam orta məktəbdə fəaliyyətə başlamışam. 2 il bu məktəbdə çalışdım. Sonra magistratura təhsili üçün işdən öz ərizəmlə çıxdım və Türkiyəyə yollandım. Türkiyədə təhsilimi bitirdikdən sonra 2021-ci ildə 12 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başladım.

 

- Sosial şəbəkələrdə izlədiyimiz videolarda görürük ki, şagirdlərinizlə çox səmimisiniz. Onlarla bu münasibəti necə qurdunuz?

 

- Düşünürəm ki, münasibətlərimizdə sevgini empatiya duyğusu vasitəsilə qazanırıq. Əgər özümüzü qarşımızdakı insanın yerinə qoyub, onun rakursundan dünyaya baxsaq, həmin şəxsi daha yaxşı anlamış olacayıq. Dolayısı ilə anlayışda sevgini gətirir. Hesab edirəm ki, öyrənmək həvəsim, şagird ruhlu olmağım məni uşaqlara biraz daha yaxınlaşdırır. Sinfə gələn zaman bir müəllimdən əlavə şagird kimi daxil oluram. Hər bir addım atanda və ya nəyisə izah edəndə düşünürəm ki, “Balaca Günel bu sözləri necə eşitsə, xoş olar?”. O şəkildə də şagirdlərimi başa salmağa çalışıram. Bu elə bir prosesdir ki, gərək mexanikləşsin. Normal həyatımda da uşaqlara rəftarımda  baxıram ki, içimdəki “balaca Günel” oyaqdır.

 

- Dərs dediyiniz müddətdə ən yadda qalan xoş xatirələriniz hansı olub?

 Açıklama yok.

- Yaşadığımız hər gün bizim üçün maraqlıdır. Bu sualı verən zaman ağlıma gələn ən maraqlı günlərimizdən biri də stadionla bağlıdır. 2017-ci ildə "Qarabağ"-"Çelsi" oyunu var idi və Azərbaycan ilk dəfə idi ki, belə bir komanda ilə qarşılaşırdı. Mən şagirdləri toplayıb, stadiona apardım. Həmin vaxt 322 nömrəli məktəbdə işləyirdim. Çox möhtəşəm anlar yaşadıq. Daha sonra "Qarabağ"- "Qalatasaray" oyununa da getdik. Amma ilk dəfə getdiyimiz oyun tamamilə fərqli təəssürat yaratdı. O soyuğa rəğmən uşaqlar canla - başla Qarabağı dəstəklədilər və səhərisi gündə bütün uşaqlar bir nəfər kimi dərsə gəldilər. Hətta digər müəllimlərdə söyləyirdilər ki, bu uşaqlardakı əzmə, şövqə heyran qalmamaq mümkün deyil.

 

- Müəllim olduğunuz üçün şagirdlərinizi sevirsiniz, yoxsa şagirdlər sizə bu peşəni sevdirib? 

 Açıklama yok.

- Bu peşəyə əslində heç də könüllü şəkildə gəlməmişəm.  Lakin ilk praktika günü Azərbaycan Dövlət Pedaqoji Universitetində anladım ki, məhz bu peşə üçün doğulmuşam. Bu peşəni icra edərkən başa düşdüm ki, mən bu sahəyə tam uyğunam. Türkiyədən dönüb 12 nömrəli məktəbə gəldiyim vaxt mənə 3-cü sinif verilmişdi. İlk gün sinfə daxil olduğum an uşaqlara, özümə baxdım. Bir anlıq düşündüm ki, “Günel, kitabıda, markeridə qoy və qaç”. Həmin an qəribə duyğular yaşadım. O uşaqlara 3-cü sinfə qədər bir müəllim dərs demişdi. Sanki şagirdlərin gözündə o müəllimi görürdüm və fikirləşirdim ki, mən bacarmaram. Lakin həmin andaca uşaqlar mənim başımı qatdı və qorxumu unutdum.

 

- Şagirdlərə vətənpərvər hissini necə aşılayırsınız?

 

- Vətənpərvərlik ruhu elə bir ruhdur ki, o öyrədilmir. Himn səslənən anda şagirdlər mənim duruşumdan anlayır ki, bizim müəllimiz vətəninə qarşı necə münasibət bəsləyir və daha sonra onlar məni təqlid etməyə başlayırlar. Bu ruh yavaş-yavaş böyüməyə başlayır. Amma ümumi olaraq qeyd etdiyimiz bir çox tədbirlər var. Məsələn, 8 noyabr Zəfər günü münasibəti ilə keçən il çox maraqlı tədbir keçirdik.Həmin vaxt dərs dediyim iki sinifim var idi: Məktəbəqədər və 4-cü sinif. 56 şagirdin atasını məktəbə dəvət etdik və onlara sürpriz etdik. Şagirdlər əsgər formasıında onların qarşısında çıxış etdilər. 2021- cil ildə şagirdlərə gül hədiyyə etdim. Biz həmin gülü əkəndə belə bir niyyət etdik ki, “Gün o gün olsun ki, biz dibçəklərimizi Qarabağda əkək”. Hələ də o gülə uşaqlar qulluq edirlər. Səbirsizliklə o günü gözləyirik.

 

- Fərqli istedada malik şagirdləriniz varmı?

 

-Əslində onların hər biri bir dünyadır. Hər biri özünəməxsus fərqli istedada malik şagirdlərdir. Bu istedadı yalnız uşaqlara fərqli rakursdan yaxınlaşanda görmək mümkündür. Yəni, müəllim o bacarığı görmək istəyəndə, görə bilər. Hazırda sinifimdə pontesialı yüksək olan uşaqlar var. Bütün uşaqlara arzu edirəm ki, onlar üçün münbit bir şərait, torpaq olsun. Direktorumun çox gözəl bir sözü var. “ Günel, yaxşı toxum olmaq kifayət etmir, yaxşı torpağa əkilməkdə önəmlidir”. Bu ifadə hər zaman qulağımda sırğadır. Ona görə də sinfə hər daxil olduğumda düşünürəm ki, şagirdlərim üçün münbit torpaq olmalıyam.

 

- Qısa zamanda sosial şəbəkədə necə tanındınız?

 

- Praktika vaxtlarımdan hər dəfə paylaşımlar edirdim. Sadəcə olaraq o vaxt sosial şəbəkə bu qədər əlçatan deyildi. Yəni, kütlələrin marağını qazanmaq asan məslə kimi görünmürdü. Fəaliyyətimi sosial şəbəkələrdə, dostlarımla paylaşırdım. Lakin son 1 ildir ki, “ TikTok” və “İnstagram” da paylaşımlar etməyə başladım. Bu paylaşımları tanınmaq məqsədi ilə etməmişəm. Sadəcə istəmişəm ki, gələcəyə bir hədiyyə olsun. Bu uşaqlar böyüyəndə, sosial şəbəkədə özlərini görəndə, övladlarına göstərə bilsinlər. Sonra baxdım ki, paylaşımlarım insanlarda xoş təəssürat yaradır. Və davam etməyə qərar verdim.

 

- Dərsləri fərqli üslubla keçirsiniz. Bu üsullardan istifadə etmək şagirdlərinizi sevindirirmi?

 

- Məsələ əgər təhsildirsə, dəstəkləyici mühit çox önəmlidir. Biz bu sinif otağına təkcə bir-birimizi sevmək üçün gəlməmişik. Eyni zamanda, bir müəllim kimi öhdəliyim var. Bu öhdəlik bilikləri şagirdlərə ötürməkdir. Dolayısı ilə təhsil zamanı bu üsuldan ona görə istifadə edirəm ki, uşaqlarda rəngarənglik yaransın. Şagirdlər durmadan danışan bir müəllim yox, onlarla oyun oynayan, səmimi bir müəllim görsünlər. Bu zaman  şagirdlər təkcə oyun oynadığını düşünür, amma mən həmin oyunlar vasitəsi ilə bütün lazımi bilikləri onlara çatdırıram. Uşaqlar sadəcə bu prosesi oyun kimi düşünürlər. Evə gedəndə valideynləri “bu gün məktəbdə nə etmisən?” deyəndə “heçnə etmədik, sadəcə oyun oynadıq” deyirlər. Dərsləri bu qədər əyləncəli etməyimə görə hər zaman ən yüksək davamiyyət mənim sinifimdə olur.

 

- Son olaraq, həmkarlarınıza nələr tövsiyə etmək istərdiniz?

 Müəllimliyə bir iş kimi yanaşsanız bu sizin üçün çox əziyyətli olacaq. Hər gün o sinfə daxil olmaq, uşaqlarla ünsiyyət qurmaq artıq zindana çevriləcək. Amma bir də fərqli aspektdən yanaşmaq lazımdır. Düşünün ki, siz evdən çıxanda işə yox, əylənməyə, oynamağa gedirsiniz. O zaman bütün rənglər dəyişəcək. Tünd tonlar artıq açıq olmağa başlayacaq. Lakin bəzi müəllimlər şagirdlərlə oyun oynamağı vaxt itkisi hesab edir. Həmin müəllimlərə demək istəyirəm ki, uşaqlarla oyun oynadığınız zaman necə sevinirlərsə, o sevinci sizə də ötürmüş olacaqlar. Belə olan halda da yorulmayacaqsınız.  

 

Günel Əkbərin dərsindən maraqlı görüntüləri izləmək üçün "Telegram" kanalımıza keçid edə bilərsiniz: https://t.me/azeduT/640