Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 09:35:53
Deputat: “80 yaşında müəllim auditoriyada dərs deməməlidir”

Yaşlı müəllimlərin ali təhsil müəssisələrdə fəaliyyəti ilə bağlı narazı fikirlər səslənilir. Qeyd edilir ki, yaşlı müəllimlər təcrübələrini gənc nəsilə ötürməklə onlara bu sahədə dəstəkçi olaraq çıxış etməlidir. Bu proses həm də yeni nəsilin inkişaf etməsində böyük rol oynayır.

 

Maraqlıdır, bəs ali təhsil müəssisələrində gənc kadrlar niyə azdır?

 

Məsələ ilə bağlı AzEdu.az-açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, gənc kadrların az olmasının müxtəlif səbəbləri var:

 

“Səbəblərdən biri odur ki, bu gün gənclərin çox az bir hissəsi müəllim olmaq istəyir. Digər səbəb isə maaşların aşağı olmasıdır. Məvaciblər aşağı olduqda gənclər müəllim kimi fəaliyyət göstərməkdən imtina edirlər və onlar başqa sahələrə üz tuturlar. Bu gün xeyli gənc tanıyıram ki, universitetdə işləmək istəyir, lakin əməkhaqqı onları qane etmədiyi üçün bundan imtina etməli olurlar. Belə olan halda da biz gəncləri itirmiş oluruq”.

 

Deputat qeyd edib ki, yaşlı nəsilin təcrübəsi gənc nəslə ötürülməlidir:

 

“Hələ də universitetlərdə yaşı çox olan müəllimlər var. Universitetlər onların fəaliyyəti ilə bağlı qərar verməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, yaşlı nəsilin təcrübəsi gənc nəslə ötürülməlidir. 80 yaşında müəllimin auditoriyada dərs deməsi düzgün deyil. Yəni, bu, onun üçün çox çətindir”.

 

Son olaraq həmsöhbətimiz söyləyib ki, Azərbaycanda elmi ad almaq həddindən artıq çətindir:

 

“Gənclərlə bağlı məsələyə gəldikdə isə, bu gün Azərbaycanda elmi ad almaq həddindən artıq çətindir. Ona görə də bu gün gənclər bürokratik əngəllərlə davam edib təhsil almaqdansa, başqa sahələrdə fəaliyyət göstərməyə üstünlük verirlər. Bu da öz növbəsində qeyd etdiyim məsələrə öz təsirini göstərir. Ona görə də bu prosesi asanlaşdırmaq lazımdır” - deyə fikrini yekunlaşdırıb.