Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 13:00:00
Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olundu

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin fizika müəllimi Gülsarə Həsənovanın “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” layihəsi uğurla davam etdirilir.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində bu ilin avqust ayı ərzində Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbdə qurulan fizika kabineti proyektor, yazı lövhəsi və internetlə təmin edilib. İlkin hazırlıq işləri başa çatdıqdan sonra hər birində 17 nəfər olmaqla iki qrupdan ibarət 34 şagird ödənişsiz kurslara cəlb edilib. Şagirdlərin hər biri əlavə dərs vəsaiti ilə təmin olunub. Dərslər həftədə iki dəfə olmaqla 2 saat müddətində keçirilir. Tədris prosesində müasir informasiya kommunikasiya vasitələrinin imkanlarından istifadə edilir.

İcra müddəti beş ay olan layihə üzrə işlər noyabrın 20-də başa çatacaq.

Masazır qəsəbəsinin ərazisində yerləşən Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbdə hazırda 640 şagird təhsil alır. Bu il məktəbin 52 məzunundan 40-ı ali təhsil müəssisələrinə, 4-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məzunlardan ikisi 600-dən yuxarı bal toplayıb.

Xatırladaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və onlarda çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.