Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 17:03:29
Müəllimlərdən Heydər Əliyevin yubileyinə həsr edilmiş kitab

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli”nə həsr olunmuş yeni kitab nəşr edilib.

 

AzEdu.az xəbər verir ki, “Xarıbülbülün qərənfilə müjdəsi” adlı kitabın müəllifləri Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət və eyni məktəbin biologiya müəllimi Gülnarə Musayevadır.

 

“Xarıbülbülün qərənfilə müjdəsi” kitabında Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan Qarabağın coğrafi mövqeyi, təbiəti, flora və faunası, tarixi, mədəni, dini abidələri, gözəl insanları, onların məşğuliyyətləri, adət-ənənələri ensiklopedik bilgilər əsasında bədii formada təsvir edilib.

 

Müəlliflər, həmçinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağın hər bir guşəsinin azad olunmasını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara səfərlərini xronoloji ardıcıllıqla qələmə alıblar.

 

Kitab Qarabağ Zəfərinin rəmzi olan xarıbülbülün 1990-cı ilin 20 Yanvar şəhidlərinin simvoluna çevrilmiş qərənfilə müjdəsi olmaqla bütün şəhidlərin xatirəsinə ithaf edilib.

 

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın həmmüəlliflərindən Gülnarə Musayeva bir 20 Yanvar şəhidinin bacısı olaraq bütün şəhidlərə “ruhunuz şad olsun, intiqamınız alındı” deyir.

 

Kitab bu il sentyabrın 19-20-də Qarabağda keçirilmiş uğurlu lokal antiterror tədbirlərindən sonra Prezident İlham Əliyevin Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmasının təsviri ilə başa çatır.

 

Ümumilikdə 236 səhifəlik kitab tam rəngli və nəfis tərtibatla çap edilib.