Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 16:16:09
DİM-də dövlət orqanlarının nümayəndələri üçün təlim keçirilib

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Səriştələrə əsaslanan vasitələrin hazırlanması və ötürülməsi üzrə potensialın artırılması” mövzusunda beynəlxalq ekspertlər Eduard Zakharçhenko, Rachel Frost və Vesselin Kantchev tərəfindən 19 dövlət orqanı nümayəndələri üçün təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimin ilk hissəsi 1-3 noyabr tarixlərində keçirilib. İlk gün ekspert Eduard Zakharchenko iştirakçılarla təlimin məzmunu və məqsədləri barədə müzakirələr aparıb və iştirakçıların təlimdən gözləntiləri müəyyənləşdirilib. Təlimin davamında qurumun strateji planlarından qaynaqlanan ORCE metodu (müşahidə et, qeyd et, təsnif et, qiymətləndir) və qiymətləndirmə metodları ilə bağlı ən son vəziyyət dəyərləndirilib, həmçinin iştirakçılarla namizəd seçimində müxtəlifliyin əhəmiyyətini anlamaq və qiymətləndirmək üçün qeyri-ixtiyari qərəzliliyin əsasları haqqda fikir mübadiləsi aparılıb.

 

Təlimin ikinci günü ekspert Rachel Frost onlayn formatda təlimi keçirib, təlimdə test sisteminin əhəmiyyətini, onun məzmununu və yanaşmalarını vurğulamaq üçün Situasiya Mühakimə Testləri (SJT) və səriştə ölçülməsində istifadə olunan qiymətləndirmə alətlərinin uyğunluğu müzakirə edilib. Təlimin ilk hissəsinin son günündə ekspert Eduard Zakharchenko müsahibədə ən yaxşı təcrübə üzrə nəzəriyyə və prinsiplər üzrə təqdimatlar nümayiş edib, fərdi və qrup tapşırıqları yerinə yetirilib.

 

Təlimin ikinci hissəsi 20 və 21 noyabr tarixlərində keçirilib. Ekspert Eduard Zakharchenko tərəfindən Obyektiv/subyektiv seçimlər və qurumun planlaması arasındakı əlaqə ilə bağlı məsələlərin dərinləşdirilməsi mövzusunda təqdimatlar göstərilib. Təlimin son günü, ekspert Vesselin Kantchev tərəfindən onlayn formatda müsahibələr və müsahibə nəticələrinin qiymətləndirilməsi üzrə təqdimatlar nümayiş etdirilib.

 

Qeyd edək ki, təlimin sonunda iştirakçılara ekspert Eduard Zakharchenko tərəfindən sertifikatlar təqdim edilib.

 

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.