Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 11:51:00
Qızların təhsildən yayınma halları artıb – “Aidiyyəti qurumlar hara baxır?”

Ətrafda tez-tez təhsildən yayınan uşaqlarla qarşılaşırıq. Məktəbyaşlı oğlan uşaqları təhsildən uzaqlaşaraq ya küçə həyatına atılır, ya da əmək fəaliyyəti ilə məşğul olurlar.  Qızlar isə erkən nikaha sövq edilir və onların təhsil almaq hüquqları əllərindən alınır.

 

Uşaqların təhsildən yayınma hallarının kökündə hansı amil dayanır? qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

 

Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

 

Ekspert bildirib ki, region məktəblərində qızların təhsildən yayınması kütləvi hal alıb: “Təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsili təmin etmək məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Apardığımız araşdırmalardan məlum olur ki,  kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməməsi durur”.

 

 

K.Əsədov qeyd edib ki, təhsildən yayınma halları ən çox yuxarı sinif şagirdləri arasında görülür: “Çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox Aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib”.

 

“Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır”:

 “Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər. Biz hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda, bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir”.

 

 

Həmsöhbətimiz qeyd edib ki, təhsildən yayınmada erkən nikah böyük rol oynayır: “Təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrum etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ də  belə hallar qalmaqdadır. Təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2021- ci illərdə nikahdan kənar doğulan uşaqların sayı 32 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır. Təəssüf ki, rəqəmlər vəziyyətin ürək açan olmadığını göstərir. Halbuki, qanunvericilikdə, cinayət məcəlləsinddə konkret olaraq buna görə ciddi məsuliyyət, cəza nəzərdə tutulsa da, indiyə qədər bu həyata keçrilməyib. Bu valideynlər ilk növbədə vətəndaşın hüququnu pozurlar. Belə ki, Konstitusiyanın 42 – ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Onlar qızlarının bu hüququnu əlindən alırlar. İnzibati xətalar, cinayət məcəlləsində, ,valideynlərin valideynlik hüququndan məhrum edilməsi, hətta ,azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susurlar”.