Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-21 12:39:00
Şura sədri: “Sindromlu uşaqların təhsilə cəlb olunmasına yardımçı olmalıyıq”

Son illər ölkəmizdə inklüziv təhsilin inkişafında bir sıra addımlar atılıb. Xüsusi müəssisələr, uşaqların təhsilə cəlbi, onlar üçün müxtəlif avadanlıqlarla təsis olunan komplekslərin yaradılması və.s bu qəbildəndir. Lakin məktəbi bitirən əlilliyi olan məzunlar üçün universitetlərdə təhsil almaq bir qədər çətinlik törədir. Əsasən də eşitmə qüsuru olan şəxslər üçün ali təhsil müəssisələrində xüsusi avadanlıqların olmaması onların təhsil almaq hüququnu bir növ əlindən alır.

 

Bəs görəsən, ali təhsil müəssisələrində əlilliyi olan tələbələr üçün hansı şəraitlər yaradılmalıdır?

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

Şura sədri bildirib ki, heç bir ayrı-seçkilik olmadan bütün vətəndaşların təhsil hüququ təmin olunmalıdır: “Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan təhsil hüququ bütün vətəndaşlar üçün keçərlidir. Təhsilin növbəti pilləsi sayılan ali təhsildən yararlanmaq üçün hər kəsə şərait yaradılmalıdır”.

 

G.Səfərova vurğulayıb ki, universitetlərdə mütləq inklüziv xidmət edən bölmələr olmalıdır:  “Ölkəmizdəki bir çox universitet publik hüquqi şəxsdir. Publik hüquqi şəxs olmaq onlara bir çox müstəqillik verir ki, həmin universitetlər özləri inklüzivliyin təmini üçün müəyyən addımlar atsınlar. Orta məktəblərdə inklüzivlik təmin olunsa da, hələ də tam istədiyimiz səviyyəyə gəlib-çatmayıb. İnklüzivliyin evdə təhsil, məktəbdə təhsil və s. səviyyələri mövcuddur. Bu dərəcədən asılı olaraq uşaqların sosiallaşması çox önəmli amildir. Sosiallaşan uşaq XI sinifi bitirdikdən sonra ona ali təhsil almağı üçün də eyni şərait yaradılmalıdır. Şagirdin ali təhsil hüququnu əlindən almağa haqqımız yoxdur. Universitetlərdə inklüzivliyin yaradılması üçün çətin elmi laboratoriyalar açmaq lazım deyil. Bu sahədə davamlı işlər görülməsi üçün sadəcə başlamaq lazımdır”.

 

Sədr qeyd edib ki, xarici ölkələrdə əlilliyi olan şəxslər üçün  hər cür şərait yaradılır: “İnsanların cəmiyyətdə sosiallaşması, rahat adaptasiyasını təmin etmək baxımından müxtəlif tədbirlər görülür. Tələbələr üçün xüsusi aparaturalardan istifadə olunur, şəxsin görmə qüsuru varsa, xüsusi kitablar hazırlanıb, istifadəyə verilir. İnsanların təhsil almaq hüqunun qarşısı alınmır. Öz təcrübəmə əsasən deyə bilərəm ki, ABŞ-də yaşadığım dövlərdə ev sahibinin oğlunda həm daun sindromu, həm də müəyyən qədər autizm spektr pozuntusunun göstəriciləri var idi. Buna baxmayaraq həmin uşaq həm məktəb, həm universitet təhsili alaraq böyük restoranlardan birində kassir kimi fəaliyyət göstərir. Bütün sistemlər onun rahat fəaliyyətinə xidmət edir”.

 

Müsahibimiz vurğulayıb ki, hər şeyi dövlətdən gözləmək düzgün yanaşma deyil: “Universitetlər öz daxillərində tələbələrin təhsilə cəlb olunması, rahat şəkildə təhsillərini almaları üçün şərait yaratmağa maraqlı olmalıdır. Elm və Təhsil Nazirliyinin sərəncamında olan orta məktəblər, peşə təhsili, orta təhsil,  məktəbəqədər təhsil, univeristetlər və s. olduğu üçün universitet daxili məsələlər birbaşa ali təhsil müəssisəsinin  öz öhdəliyinə düşən vəzifələrdəndir”.

 

G.Səfərova qeyd edib ki, lazım olarsa jest dili tədris edən müəllimlər ali təhsilə cəlb olunmalıdır: “Tələbələrin təhsil almaq hüququnun tam bərpa edilməsi üçün əlilliyindən asılı olaraq müəyyən xidmətlər göstərilməlidir. Lazım olarsa xüsusi kitablar hazırlanmalı, jest dili tədris edən müəllimlər təhsilə cəlb olunmalı, auditoriyalarda aparaturalardan istifadə edilməli, panduslar qurulmalıdır. Autizmli və daun sindromlu uşaqların mümkün qədər təhsilə cəlb olunmasına yardımçı olmalıyıq”.

 

Həmsöhbətimiz söyləyib ki, bizi maraqlandıran suallardan biri “Bu gün müəllimlər autizm simptomlu uşaqlarla işləməyin pedaqogikasını bilirmi? olmalıdır: “Autizimli, daun sindromlu, hiperaktiv, həmçinin davranış pozuntusu olan uşaqlarla individual işləmək lazım olduğu üçün təhsil vermək sahəsində müəllimlər pedaqoji biliklərə malik olmalıdır. Bəzi sindromlar təhsilə cəlb olunmaya icazə verməsə də, digər sindromlu uşaqların tam təhsil almaqlarında mütləq şəkildə xidmətlər göstərilməldir”.