Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 21:31:00
Almaniya Azərbaycanda peşə təhsilinin inkişafında maraqlıdır

Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sahibkar – peşə təhsili əməkdaşlığı” adlı milli konfrans keçirilib. AzEdu.az xəbər verir ki, konfrans Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) tərəfindən maliyyələşdirilən layihə çərçivəvəsində həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son illər ölkə iqtisadiyyatına yatırılan sərmayələr haqqında danışaraq qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir. Ümumi daxili məhsulun 70 faizi məhz Azərbaycanda istehsal olunur. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb. Yatırılan bu sərmayənin yarısı xarici investisiyaların payına düşür. İnvestisiyalar yeni texnologiyaların habelə müəssisələrin cəlb edilməsi deməkdir. Bu isə öz növbəsində təhsilə, həmçinin peşəyə yeni tələblər yaradır. Biz bu sahədə Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik. İmzalanmış sazişlər çərçivəsində müsbət nəticələr verən bir çox işlər görülmüşdür.

M.Musayev habelə çıxışında bildirdi ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji yol Xəritəsi”nin tələblərinə uyğun olaraq “Pilot peşə təhsili müəssisələrində işəgötürənlərlə tərəfdaşlıq mexanizminin qurulması, peşə standartları və kurrikulumların işlənilməsi” çərçivəsində yaradılması nəzərdə tutulan mexanizmlərin təkmilləşdirilməsi üçün işəgötürənlərin əsas maraqlarının öyrənilməsi, onlardan  müvafiq rəy və təkliflərin alınması ilə bağlı işlər davam edir. Sözügedən tərəfdaşlıq mexanizmlərinin qurulmasında işəgötürənlərin ümumi maraqları əsasında, nəzərdə tutulan tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi  üçün Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən bir sıra  təkliflər irəli sürülmüşdür.

Tədris prosesində əsas iştirakçı rollardan birinin peşə təhsil müəsissəsi olduğundan  “şagirdlik müqavilə” lərinin 3 tərəf - peşə təhsil müəssisəsi, şagird və işəgötürən arasında bağlanmasını məqsəduyğun hesab edilib. Həmin müqavilənin tərkibinə hər üç tərəfin hüquq və vəzifələri, tədris və iş saatlarına dair müddəalar, müqavilənin xitamı halları və mübahisələrin həlli qaydası kimi maddələrin daxil edilməsi nəzərdə tutulub.

Almaniyanın Azərbaycandakı səfirinin müavini xanım Andrea Sühl isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanda peşə təhsilinin inkişafında maraqlıdır. O, həmçinin Almaniya sahibkarlarını bu sahəyə maraq göstərməyə çağırıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrdə ilk peşə ixtisas təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinə çox böyük zərurətin olduğunu qeyd etdi.

F.Qurbanov çıxışında bildirdi ki, “Bütün peşə təhsili müəssisələrini eyni səviyyəli müasir avadanlıqlarla təchiz etmək çətindir. Belə olduğu təqdirdə işəgötürənləri bu prosesə cəlb etməklə xərclərin azaldılmasına nail olmaq mümkündür. Dünya ölkələrinin təcrübəsi göstərir ki, kadr hazırlığı prosesi istehsalatdan təcrid edilmiş formada həyata keçirilə bilməz. Təhsil müəssisəsi sifarişçinin, yəni işəgötürənin tələb və ehtiyacını öyrənmirsə, onda təhsil müəssisəsində hazırlanan kadrların rəqabətqabiliyyətliliyinin səviyyəsi aşağı olur. Azərbaycanda ilk dəfə olaraq qəbul edilən “Peşə təhsili haqqında” qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsi nəzərdə tutulur. Bu da özəl sektorun peşə təhsili ilə tərəfdaşlığına daha çox maraq göstərməsinə imkan yaradacaq. Bundan əlavə, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması baxımından əsas istiqamətlərdən biri kimi işəgötürənlərin peşə təhsili və tədrisi sisteminə inteqrasiyası, onların yüksəkixtisaslı kadrların tədris prosesinə cəlb edilməsi müəyyən edilib.

 

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.  İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Zamin Bədirxanov ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib, peşə təhsili sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

 

Daha sonra layihədə ekspert qismində iştirak edən Famil Baxışov və Sədaqət Qəmbərova Bakı şəhəri və Xaçmaz rayonu ərazilərində layihə çərçivəsində görülən işlər haqqında iştirakçılara məlumat veriblər. Qeyd olunub ki, 2015-2018-ci illəri əhatə edən birinci mərhələdə  layihə dörd istiqamət üzrə həyata keçirilir:

 

Birinci iqtiqamət müəssisələrin işçi qüvvəsinə olan ehtiyacını, peşə təhsilinə və kvalifikasiyalara olan tələblərini müəyyənləşdirmək, şagirdlərin istehsalat təcrübəsinə dəstək vermək, peşə məktəbləri ilə  əməkdaşlıq perspektivlərini araşdırmaq üçün onlayn monitorinq sisteminin yaradılması.

 

 “Müəssisə - öyrənmək yeridir” adlı ikinci istiqamətdə həyata keçirilən fəaliyyət çərçivəsində Xaçmaz peşə liseyi və peşə məktəbi şagirdləri üçün Yalama Aqropark, “Azərxalça”, “Vahid çörək” və  kənd təsərrüfatı müəssisələrində “açıq qapı” günləri keçirilib.

“Məktəb - öyrənmək yeridir”  adlı üçüncü istiqamətin əsas məqsədi - peşə məktəbi şagirdlərinin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Bu mərhələdə peşə məktəbləri şagirdləri ilə görüşlər keçirilib və onların arasında “Mən gələcəyin sahibkarıyam” mövzusunda rəsm/kompüter qrafikası müsabiqəsi keçirilmişdir. Müsabiqədə 15 şagird iştirak etmiş və dörd qalib yer müəyyən edilərək şagirdlər mükafatlandırılıblar. Layihə çərçivəsində ekspertlər qrupu tərəfindən həmçinin sahibkarlığa başlamaq istəyən gənclər üçün “Öz biznesinə başla” adlı iki təlimat kitabçası hazırlanıb. Kitabçaların dizaynında peşə məktəbləri şagirdlərinin müsabiqəyə təqdim etdiyi şəkillərdən istifadə edilib. Bundan başqa gənclərdə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi məqsədilə Xaçmaz peşə liseyi və peşə məktəbinin şagirdləri üçün motivasiya xarakterli “Öz biznesinə başla” mövzusunda təlimlər keçirilib. Şagirdlərə kiçik biznesin qurulması üçün biznes planların  hazırlanması mərhələləri üzrə konkret bilik və məlumatlar verilib. Layihənin işçi planına uyğun olaraq, əsas diqqət Kənd Turizmi İnformasiya və Xidmət Bürosunun yaradılması ideyasına verilib. 

Dördüncü istiqamət peşə təhsilinin təşviqat kampaniyası üzrə həyata keçirilən fəaliyyəti özündə əks etdirir.

Konfransın sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.