Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 14:05:00
Psixoloq valideynlərə çağırış etdi - “Övladlarınıza şəxsiyyət kimi yanaşın, yoxsa...”

Bu gün cəmiyyətimizdə, xüsusilə də gənclərdə aqressiya, gərginlik hökm sürür, intiharlar baş alıb gedir. Bütün neqativ hadisələr isə şübhəsiz ki, insanın psixikası, əsəbləri ilə əlaqəlidir. Aqressiya ilə köklənən bir çox gənc sonunu düşünmədən cinayətə əl atır, hətta qətl törətməkdən belə çəkinmirlər. 

 

Gənclərin aqressiv davranışlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır? 

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Bəşirzadə qeyd edib ki, yeniyetməlik dövrü insan həyatının ən gərgin və problemli dövrlərindən biridir:

 

“Ona görə bu dövrdə yeniyetmələrlə valideynlər, məktəb müəllimləri və dostlar arasında çox böyük narahatlıqlar baş verir. Bu narahatlıqların ən önəmlisi valideynlərlə yeniyetmə arasında olan anlaşmazlıqlardır. Hansı ki, bu məsələni psixoloqlar, nevropatoloqlar, hətta bütün ailə üzvləri ilə birlikdə həll etməyə çalışırlar. Bəs məsələnin mahiyyəti nədən ibarətdir? Valideynlər bu dövrdə uşaqların şəxsiyyətinin formalaşmasına mane olurlar. Sanki onları uşaqlıq dövründən çıxmağa qoymurlar”.

 

Psixoloq vurğulayıb ki, hazırda yayılan ən son xəbərlərə görə yeniyetmələrin intihar halları, valideynlərinə qarşı törətdikləri sui-qəsd hadisələri gündəmi ən çox zəbt edən problemlər siyahısındadır:

 

“Valideynlərin qoyduğu qadağalar, uşaqlara daha çox məsuliyyət yükləmələri  və s. böyük bir aqressiya dalğasına səbəb olur. Bu aqressiya dalğası sonda valideyn ölümü, ailədə çox ciddi münaqişələr və digər başqa problemlərə gətirib çıxarır. İlk növbədə daim valideynlərə  tövsiyə edirəm ki, övladlarına bir şəxsiyyət olaraq yanaşsınlar. Necə ki, ətrafınızdakı qonşulara, evin digər nümayəndələrinə  hörmətlə yanaşdığınız kimi,  övladınıza da  eyni tərzdə yanaşın.  Əgər kənarda baş verən müdaxilələrin acığını övladınızdan çıxarsanız, övladda həmin bu duyğuları bastırıb, bir müddətdən sonra bu duyğuların əsiri olmağa başlayır. “Qılınc yarası sağalar, söz yarası sağalmaz” düşüncəsi də məhz bu prinsiplə davam etməyə başlayır. Uşaqlar onlara deyilən sözləri unutmurlar”.

 

Həmsöhbətimiz son olaraq söyləyib ki, valideynlərlə övlad arasında emosional bağ var:

 

“Yeniyetməlik dövrü həssas dövrdür. Uşaqlar həmin dövrdə çox gərgin olurlar. Çıxan ən son xəbərdə qeyd olunur ki,  bir yeniyetmə anasını 192 bıçaq zərbəsi ilə qətlə yetirib. Əlbətə ki, burda psixoloji və patoloji problemlər var. Uşağın səhhətindən, psixologiyasında hər hansı bir narahatlıqlar ola bilər. Bu narahatlıqları sadəcə müəyyən testlər, araşdırmalar vasitəsilə aydınlaşdırmaq olar. Övladında o dərəcəyə gəlib çıxması üçün şərait yaradan faktorlar mövcuddur. Ola bilər ki, öz həyat dairəsində hər hansı bir gərginliyi olsun və o qədər pik həddə çatsın ki, heç kəs onu görməsin. 2- ci ehtimalda valideyn qadağaları və narahatlıqlarından qaynaqlana bilər. Çünki valideynlərlə övlad arasında bağ güvənli, emosional bağdır. Bəzi valideynlər var ki, övladları ilə arasında olan emosional bağı qoruyub saxlaya bilmirlər”.