Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 15:09:34
Tələbələrə müjdə! – Lənkəran Dövlət Universitetində yeni  yataqxana binasının inşasına başlanıldı

Təqribən 3.500 nəfər tələbə və magistrantın  təhsil aldığı Lənkəran Dövlət Universitetində  160 yerlik yeni yataqxana binasının inşasına başlanılıb.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova AzEdu.az-a açıqlamasında bildirib ki, yeni bina universitetin idarəçiliyinə verilən  keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində inşa edilir. Artıq ikinci həftədir ki, köhnə binada söküntü  işləri aparılır. Yaşayış sahəsi 1.100 kv.m olacaq  yataqxana binasında tələbələrin normal yaşayışı, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq. Yataqxanada kompüter otaqları, kitabxana, xidmət otaqları   fəaliyyət göstərəcək. Binanın 2019-2020-ci ildə tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur.

Hazırda Lənkəran Dövlət Universitetində ancaq  qız tələbələr yataqxana binasından istifadə edirlər.  50 nəfərlik yataqxana 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub. Burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, həmçinin onların  dərsə getmələri üçün ayrıca mikroavtobus  da ayrılıb.

Lənkəranda evlərin aylıq kirayə haqqı 50 Azn-dən olduğuna görə, yeni yataqxananın inşası  aztəminatlı ailələrdən olan tələbələrin yaşayış probleminin həlli deməkdir. Bu amil  gələcəkdə universitetə tələbə axınını da şərtəndirə bilər.

Xatırladaq ki, hazırda Lənkəran Dövlət Universitetində iki yeni tədris korpusunun da inşası aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları