Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 13:14:00
Dərsə maraq niyə azdır? - “Şagirdlər yorulur...”

Şagirdlərin məktəbə marağının azlığı, dərs oxumağa həvəslərinin olmaması valideynləri narahat edən amillərdən biridir. Bir çox valideyn övladına zor tətbiq edərək məktəbə göndərir. Şagirdlərin bəziləri dərsdən yarımçıq çıxaraq qaçırlar.  

 

Görəsən bunun əsasında hansı amil dayanır? Şagirdlərin məktəb və dərslərə maraqlarının artması üçün nə etmək lazımdır?

 

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, məktəbdə davamiyyət problemi yuxarı siniflərdə müşahidə olunur: “Müşahidə etdikdə görürük ki, ibtidai siniflərdə şagirdlərin dərsə davamiyyəti normal səviyyədədir. Lakin yuxarı siniflərə gəldikdə şagird düşünür ki, ya ölkədə, ya da xaricdə təhsili davam etdirmək üçün təkcə məktəb təhsilinə güvənərək qəbul olmaqları mümkünsüzdür. Bu zaman da abituriyentlər istədikləri nəticəni əldə etmək üçün xüsusi hazırlıqlara gedirlər. Məktəbə olan maraq və təlabat da bu faktorla birbaşa əlaqəlidir”.

 

A.Vəliyev qeyd edib ki, məktəbə olan marağın artırılması üçün xüsusi qeyri-adi, fantastik bir taktika işlətmək lazım deyil: “Sinifdə şagird bölgüsü doğru şəkildə olsa, məktəbdə keçirilən fənlər normal tədris olunsa, sözsüz ki, şagirdlərin dərsə davamiyyəti ürəkaçan olar. Nə valideyn hazırlıqlara vəsait ayırmaq istər, nə də şagird istəməz ki,məktəbdə gedib öyrənəcəyi mövzuları bir də hazırlıqda öyrənsin. Şagirdlər məktəb davamiyyətinin nəzarətdə saxlanması üçün məcburdular ki, hər ikisinə də vaxt ayıra bilsinlər. Özlüyündə bu şagirdi yoran məsələdir”

 

Məktəbə davamiyyətinin yaxşı olmasını istəyiriksə, o zaman Türkiyə təhsil sistemini tətbiq etməliyik: “Türkiyədə yuxarı sinifləri “sayısal” və “sözəl” kimi qruplara ayırırlar. Əgər şagird texniki fənlər üzrə hazırlaşmaq istəyirsə, o zaman “sayısal” sinifə keçir. Yox əgər şagird təhsilini humanitar sahədə davam etdirməyi düşünürsə, o zaman sözəl sinifdə tədrisini davam etdirir. Strukturuna baxsaq görərik ki, sayısal sinifdə güclü şəkildə tarix, coğrafiya və s. öyrədilmir. Bunun yerinə riyaziyyat, fizika, informatika yönümlü öyərdilir. Eyni ilə də sözəl siniflərdə də bu cürdür. Sadəcə şagirdin anlayışı olsun deyə digər fənlərlə bağlı ilkin məlumatları əhatə edən dərslər keçirilir. Düşünürəm ki, bu cür yenilikləri etsək məktəb təhsili daha əlverişli ola bilər”.