Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 15:57:00
Təhsilimiz pedaqogikadan, metodikadan və psixologiyadan ayrı düşüb

Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən  bəzi müəllimlərin özünəməxsus izah etmə qabiliyyətinin olmaması şagirdlərin dərsi anlamasında müəyyən problemlər yaradır.

 

Belə ki, onlar yalnız kitabda yazılan məlumatları olduğu kimi şagirdlərə başa salmağa çalışır, nəticədə isə şagirdlərin dərsi dərk etməsində çətinliklər yaranır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov qeyd edib ki, problemin kökündə dayanan səbəb odur ki, əsas üstünlük məzmuna verilir və metodika nəzərə alınmır:

 

“Məzmun “nə?” sualına cavab verirsə, metodika “necə?” sualına cavab verməlidir. Məsələn, Tarix müəlimi tarixi bilir lakin bunu uşaqlara çatdırmaq üçün metodikanı, uşaq psixologiyasını da bilməlidir. Hər hansı bir universitetin Tarix fakültəsi ilə Pedaqoji Universitetin Tarix fakültəsi arasında fərq var. Universitet tarixçi yetişdirir , amma Pedaqoji Universitet tarix müəllimi. Tarixçi və tarix müəllimi fərqli anlayışlardır. Ona görə də şühbəsiz ki, metodikanı bilməmək, dərslikdə olan məzmunla kifayətlənmək lazımi effekt verməz”.

 

Mütəxəssis bildirib ki,dərsliklər mövcud qaydalara uyğun 4 ildən bir dəyişir:

 

“Humanitar fənlər elədir ki, onların məzmununa uyğun gündəlik, həftəlik və ya aylıq yeniliklər olur. Amma bu yeniliklər dərs vəsaitində öz əksini tapmır. Ona görə də metodikanın əsas şərtlərindən biri dərsin müasir həyatla əlaqələndirilməsidir. Təhsilin mənfi cəhətlərindən biri də odur ki, bizim təhsilimiz pedaqogikadan, metodikadan və psixologiyadan ayrı düşüb. Biz diqqəti nəzəriyyə məsələsinə yetiririk. Dərsliklərimiz faktiki nəzəri materiallardan ibarətdir”.

 

Həmsöhbətimiz son olaraq qeyd edib ki, dərsliklər elə qurulmalıdır ki, nəzəri materialları təqdim edəndə onun tərbiyəvi aspekti də olsun:

 

“Dəyək ki, şagird faktiki materialı mənimsəyib. Ancaq əsas məsələ budur ki, o həmin materialdan hansı nəticə çıxardır? Kurikulum sistemin əsas vəzifələrindən biri də  nəticəyönümlü olmasıdır. Yəni biz hər hansı bir konkret mövzu üzrə məzmun çatdırırıqsa, onun nəticəsi yoxdursa, təhsilalan həmin mövzudan nəticə çıxara bilməlidir. Bizim bugünki təhsilimiz 60-70-ci illərlə müqayisədə fərqlidir. Müəllimlər metodik biliklərini artırmaq üçün öz üzərində işləməli və əlavə materiallardan istifadə etməlidir”.