Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 11:15:00
Universitet kitabxanaları tələbələri necə təmin edir? - SORĞU  

Ali məktəblərdə tələbələrin üzləşdiyi problemlərdən biri də kitabxanalarda kifayət qədər dərs vəsaitinin olmamasıdır.

 

Belə ki, tələbələr kitabxanalarda kitabların yetəri qədər olmadığını və müvafiq dərsləri oxuya bilmələri üçün əlavə vəsait xərcləyərək almalı olduqlarını qeyd edirlər.

 

AzEdu.az təhsil portalı olaraq mövzu ilə əlaqədar bir neçə universitetə sorğu ünvanladıq.

 

Universitet kitabxanalarında vəziyyət necədir?

 

Sorğumuza cavab olaraq Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, universitet üzrə ixtiyari ixtisas üzrə tədrisin təşkili üçün ilk növbədə həmin ixtisasın maddi-texniki bazasının yaradılmasına ciddi fikir verilir:

 

“Bu nöqteyi-nəzərdən kitabxana universitetdə tədris edilən bütün fənnlər üzrə dərslik, dərs vəsaitləri və müvafiq elmi-kütləvi və s. ədəbiyyatla təchiz edilib. Universitet Elmi Kitabxanasının rayonda fəaliyyət göstərən bütün kitabxanalar, o cümlədən Rayon Mərkəzi Kitabxana Sistemi ilə sıx qarşılıqlı əlaqələri mövcuddur və tələbələrin ədəbiyyatla təminatı zamanı problem yarandığı halda rayon kitabxanalarının xidmətindən geniş istifadə olunur. Bundan əlavə universitet Elmi Kitabxanasının bütün oxu zalları  kompüter avadanlığı və internetlə təmin edilib. Ehtiyac olduğu təqdirdə tələblərə onlayn kitabxana xidmətlərindən istifadə etmək üçün də geniş şərait yaradılır. Universitetin Elektron Kitabxana Sistemi mövcuddur. Həmin sistem universitetdə tədris aparılan bütün fənnlər üzrə elektron resurslarla təchiz edilmişdir və hazırda həmin baza internet üzərindən yayımlanmaqdadır. Bazada 600-ə yaxın elektron ədəbiyyat toplanmış və bu iş davam etdirilir”.

 

 

Qərbi Kaspi Universitetinin KİV və İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Vüsal Məmmədov qeyd edib ki, Qərbi Kaspi Universitetinin Kitabxana fondunda 50.000-dək çap formatında müxtəlif elm sahələrini əhatə edən kitablar mövcuddur:

 

“İllik abunə olduğumuz onlayn kitab fondu isə qabaqcıl qlobal nəşriyyatların dərsliklərini əks etdirir. Bundan əlavə kitabxananın lüğət və ensiklopediyalar fondu, elmi və populyar jurnallar, habelə konfrans materialları mövcuddur.Kitabxana iki filialda mövcuddur və 150-dək tələbə və müəllim üçün yer tutumuna malikdir.Onlayn dərslik platforması vasitəsilə isə 24/7 tələbə və müəllim heyətinə məsafədən asılı olmayaraq kitabların əlçatanlığı təmin olunur. 880.000-dən çox kitabın mövcud olduğu multidisiplinar platformaya login və şifrə vasitəsilə həm mobil cihazlardan, həm də kompüter və planşetlərdən giriş və istifadə təmin olunur”.

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva söyləyib ki, universitetin kitabxanası tələbələri tam şəkildə təmin edir:

 

“UNEC hər il 4 dildə nəşr olunmuş yeni kitablar alır ( azərbaycan, rus, ingilis və türk). Yeni fənlərə aid kitab ehtiyacı yarandıqda müəllimlər və tələbələr bizə müraciət edir. İl ərzində onları dəyərləndirib həmin kitabları həm ənənəvi, həm də elektron şəkildə mütləq əldə edirik. Qeyd edim ki, universitetimizin kitablarıyla yanaşı , abunə olduğumuz beynəlxalq məlumat bazaları da var. Həmin bazalarda tələbələrin təminatını ödəmək üçün istifadə edirik. Bizim dərs vəsaitləri və dərsliklərlə bağlı bir boşluğumuz yoxdur. Çünki hər  hansı bir tələbat yarandıqda mütləq onu dəyərləndirib yeni kitablar alırıq. Bundan başqa  bizim digər universitetin kitabxanalarıyla elektron sənəd və ənənəvi kitab mübadiləmiz var. Hansısa bir kitab ölkə daxilində digər universitetdə varsa, biz onu kitab mübadiləsi vasitəsilə əldə edib tələbələrimizin istifadəsini təmin edirik”.

 

Bakı Ali Neft Məktəbindən (BANM) verilən məlumata əsasən ali təhsil ocağının kitabxanası tələbələri kitablarla, dərs vəsaitləri ilə tam təmin edə bilir:

 

"Bakı Ali Neft Məktəbinin Kitabxanası güclü maddi-texniki bazası və qiymətli ədəbiyyatlardan ibarət
fonduna görə öndəgedən akademik kitabxanalar sırasındadır. BANM-in kitabxana kompleksi iki korpusdan – “Xətai” korpusu və Bibiheybət ərazisində yerləşən kampus hissələrindən ibarətdir. Hər ikisi müasir texnologiyalarla təmin olunub. Kitabxana fondu müasir ədəbiyyatla və bütün lazım olan dərsliklərlə, həmçinin müasir texnologiya və avadanlıqlarla təmin edilib.


Bibiheybət korpusundakı kitabxana ərazisi fond, geniş oxu zalı, kompüter zalı, oxuculara xidmət zonası və 3 müzakirə otağından ibarətdir ki, bu otaqlar da smart lövhələrlə təmin olunub. Xətai korpusunda yerləşən kitabxana isə geniş fond, kompüter zalı və oxuculara xidmət zonasından ibarətdir. Kitabxananın fondu daim yenilənir. İl ərzində bir neçə dəfə edilən sifariş əsasında xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrində istifadə olunan dərslik və dərs vəsaitlərinin daxil olması hesabına zənginləşir, bu isə tələbə və professor-müəllim heyətinin kitablara tələbatını təmin edir və təlim-tədris prosesinin səmərəliliyini artırır. Kitabxananın fondu təkcə xaricdən alınmış kitablarla deyil, həmçinin bədii ədəbiyyat və hədiyyə olunmuş kitablarla da zəngindir".

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə qeyd edib ki, universitetin hər bir tədris binasında kitabxana var və tələbələr həmin kitabxanalardan mütəmadi olaraq istifadə edirlər:

 

"Tələbələrin axtardıqları kitabların tapılması, təmin edilməsi ilə bağlı dəstək göstərilir. Bundan əlavə, dərs vəsaiti kimi kitablardan başqa müəllimlərin mühazirələri də tələbələrə elektron qaydada göndərilir".