Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 14:09:00
Region ali məktəbləri niyə Bakıya uduzur...

Müşahidələr onu göstərir ki, abituriyentlər ali təhsil müəssisələrinə qəbul zamanı bölgələrə nisbətən Bakıya üstünlük verirlər. Bu da özlüyündə şəhərdəki insan sıxlığına gətirib çıxarır.

 

Bəs, görəsən abituriyentlərin seçimlərinin Bakıdan yana olmağının əsas səbəbləri nələrdir? Bölgələrdəki universitetlər tədrisin keyfiyyəti ilə bağlı hansı qabaqcıl addımları tətbiq etməlidirlər?

 

Mövzu ilə əlaqədar Azərbaycan Universitetləri platformasının rəhbəri Zöhrab Süleyman AzEdu.az-a açıqlama verib

 

Müsahibimiz bildirib ki, regionlarda yerləşən universitetlərin bəziləri son illərdə inkişaf etməyə başlayıb:

 

“Bu inkişaf universitetlərin daxili imkanları hesabınadır. Onu da qeyd edim ki, region universitetlərinin sayı olduqca azdır. Bunun da əsas səbəbi demoqrafik vəziyyətdir. Tələb və təklif məsələsi. Azərbaycan Universitetlərində 230.000-ə yaxın tələbə təhsil alır. Bu rəqəmin çox az bir hissəsi region universitetlərinin payına düşür. Bakıda təxminən 200 minə yaxın tələbə təhsil alırsa, vəziyyətin nə dərəcədə pis olmasını şərh etməyə dəyməz.

 

Z.Süleyman qeyd edib ki, şəhərdə yerləşən bir sıra universitetlərin filialları da eyni keyfiyyətdə tədris imkanına malikdir:

 

 “Mənim qardaşım 400-dən çox bal toplayaraq Bakıda yerləşən universitetləri deyil, UNEC-in Zaqatala filialını seçərək təhsil aldı və məzun oldu. Regionda UNEC-in müasir təhsil imkanlarından istifadə etmək çox əlverişlidir. Həm təhsil haqqı az, həm də eyni tədris materialları əsasında dərslər keçirilir.

 

 

Müsahibimiz regionlarda yerləşən bir neçə universitetin inkişaf dinimikasına nəzər salıb:

 

Mingəçevir Dövlət Universitetinin Erasmus proqramının 1 milyon dollarlıq layihəsini udması artıq çox şeydən xəbər verir. Universitet region üçün böyük addımlar atır.  Sosial mediadan uğurlarını rahatlıqla izləyə bilirik.

Həmçinin Naxçıvan Dövlət Universiteti haqda uzun danışa bilərik. Universitetin son illərdə əldə etdiyi uğurlar blokada şəraitində olan bir universitet üçün misilsizdir. 6-7 il əvvəl NDU sıradan bir universitet idi, lakin indi ölkənin bütün təhsil tədbirlərində yüksək səviyyədə təmsil olunur, digər universitetlərə inteqrasiya, həmçinin müxtəlif konfranslara ev sahibliyi edir. Bu il Prezident təqaüdünə layiq görülən yeganə region universiteti də məhz NDU-nun tələbəsidir.

İkinci  böyük şəhər olan Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində də son illərdə olan canlanma Gəncəbasar zonasında olan abituriyentlər üçün əsas seçimlərdən biri hesab olunur. Əsasən ADAU-nun yataqxanaları və müasir infrastrukturu hər il abituriyentlərin əsas seçimlərindən biri olur.

Lənkəran Dövlət Universitetinin imtahan zalından görüntülər yayımladıq, tələbələr arasında xanımların say etibarilə artması çox sevindiricidir. Cənub zonasında xanımların ali təhsilə, xüsusilə LDU-ya cəlb olunması müsbət məqamdır.

ADPU-nun regionlardakı filialları arasında Quba və Şəki filialını xüsusilə qeyd etmək istərdim. Hər biri öz regionu üzrə müstəqil universitet səviyyəsində inkişaf edir. Xüsusilə yüksək bal toplayanların öz yaşadığı yerlərin ali təhsil müəssisələrini seçməsi çox lazımlı və sevindiricidir”.

 

Z.Süleyman qeyd edib ki, hər nə qədər müsbət halları sadalasaq da, mənfi nüanslar da gözdən qaçmır:

 

 “Müsbət məqamlarla yanaşı, neqativ hallar da zaman-zaman yaşanır. Əsasən də regionlarda olan tələbələrin bu və ya digər formada şikayətləri baxımından, hələ düzəldiləsi məqamlar çoxdur. Biz əgər tələbələrin regionlarda oxumasını istəyiriksə onlara şərait yaratmalıyıq. Sovet təfəkkürü ilə yaşayan və tələbələrə yalnız pul gözü ilə baxan müəllimlərlə, dekanlarla, kafedra müdirləri ilə və rektorlarla deyil, müasir dünyagörüşlü, ölkənin gələcəyini düşünən pedaqoqlarla biz bu vəziyyəti düzəldə bilərik”.