Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 10:34:00
 “Örnək müəllim” - Tədqiqatçı-jurnalist, ssenarist, Tarix müəllimi…

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə "Örnək müəllimlər" layihəsini həyata keçirib. 

 

Bakı şəhəri üzrə seçilən "Örnək müəllimlər"dən biri Mənsurə Tağıyevadır.

 

O, müəllimlik fəaliyyətindən əlavə bir neçə filmlərin ssenari müəllifi və tədqiqatçı-jurnalistdir.

 

 

Belə ki, o, “Prototiplər”, “Bakı kəndlərinin etnoqrafiyası” layihələrində,“Tale çarpazları”,“Kürə qovuşan ömür”,“Uzaq sahillərin əfsanəsi”,“Axırıncı aşırıma qədər”,“Dəmir atlı cəngavər”,“Bəyaz tarlanın balladası”,“Qatır Məmməd”,“Ölülər və dirilər”,“Ötən ömrün notları”,“Tənha bülbülün rəqsi”,“Yarımçıq qalmış dosye”,“Yay gününün sazağı” və sair filmlərində ssenari müəllifidir.

 

 

Bununla yanaşı, 2005-ci ildən 287 saylı Zəkalar liseyində Tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.

 

 

Müsahibəni təqdim edirik:

 

 

- Mənsurə müəllim, jurnalist kimi fəaliyyətə necə başladınız ?

 

- 1996-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdim. Görkəmli tarixçimiz, akademik Ziya Bünyadov tərəfindən AMEA-nın nəzdində Ziya Universiteti açılmışdı. Orada Fəlsəfə kafedrasının baş laborantı kimi işə başladım. Təbii ki, bu mənim üçün böyük uğur idi. Lakin çox çəkmədi. Elə həmin il Ziya müəllim faciəvi şəkildə qətlə yetirildi. Bunun nəticəsində universitet öz fəaliyyətini dayandırmalı oldu, bu hadisə isə məni mətbuata doğru ilk addımları atmağa sövq etdi. Fəaliyyətimin ilkin mərhələlərində korrektor kimi çalışdım. Daha sonra isə junalistika, redakorluq, tədqiqat və araşdırmaların aparılması sahələrində də özümü sınadım, prosesin özü kifayət qədər əziyyətli olsa da, kontent etibarilə çox maraqlı və nəticə olaraq çox uğurlu işləri ərsəyə gətirdim. Belə ki, qısa müddətdə mən bir neçə rubrika çərçivəsində tədqiqat işləri apardım, məsələn “Nostalji” rubrikamda müxtəlif dahi şəxsiyyətlərin, böyük incəsənət xadimlərinin həyat və yaradıcılıqları, “Etnos” rubrikasında isə dünya xalqların tarixi, etnoqrafik inkişafları ilə “Prototiplər” silsiləsində isə Azərbaycan ədəbiyyatı və kinematoqrafiyasında özünəməxsus iz qoymuş müxtəlif obraz və personajların real həyatlarının işıqlandırılması yönündə yazılar və araşdırmalar aparmışam.

 

- Tədqiatçı-jurnalist olaraq fəaliyyət göstərmisiniz və bu istiqamətdə xeyli yazılarınız var. Sizdə bu sahəyə maraq yaradan nə oldu?

 

- Düşünürəm ki, məhz tarix təhsili almağım, təhsil aldığım ixtisasa olan dərin sevgim və həyatımda özünəməxsus şəkildə yer alan bəzi unudulmaz anlar məni bu peşəyə yönləndirdi. Belə ki, günlərin birində jurnalist rəfiqəmlə görkəmli xanəndəmiz mərhum Süleyman Abdullayevin (Dədə Süleyman) görüşünə getdik. O qədər təsirləndim ki, qayıtdıqdan sonra mən də bu anı ölümsüzləşdirmək üçün orada etdiyimiz söhbətləri yazıya alaraq qəzetlərin birinə təqdim etdim. Daha sonra məni həmin yazıya görə redaksiyaya dəvət etdilər və yazımın araşdırma olduğunu dedilər. Mənim jurnalistlik fəaliyyətim bu cür başladı, qeyd edim ki, dəsti-xəttim qısa müddət ərzində tanındı. Çox böyük yazıçılar, şairlər tərəfindən dəstəkləndim və fəaliyyətimi davam etdirdim. Müxtəlif qəzetlərdə yazılarım çap olundu. Daha sonra özüm üçün elə yuxarıda qeyd etdiyim “Nostalji” adlı rubrikamı açdım. Bu rubrikada dünyasını dəyişən böyük korifeylərdən yazmağa başladım. Məsələn Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu və s. Qismət elə gətirdi ki, Alim Qasımov UNESCO tərəfindən mükafatlandırılan zaman onu mətbuatda işıqlandıran ilk mən oldum. Bu yazılardan sonra düşündüm ki, “Nostalji” bəs deyil. Daha sonra yeni rubrikaya başladım. Bu “Etnos” idi. Digər bir rubrikam isə “Prototiplər” adlanırdı. Bütün bunlardan sonra məhz son qeyd etdiyim rubrikaya görə 2002-ci ildə Lider televiziyasına dəvət edildim.

 

- Bir çox filmlərin ssenari müəllifisiniz. İlk işiniz necə oldu ?

 

- Tale elə gətirdi ki, mənimlə öncədən bir yerdə çalışan görkəmli jurnalist, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı məni Lider televiziyasına təqdim etdi. N.Əbdülrəhmanlı mənimlə birgə bir neçə Avropa qəzetində işləmişdi. Televiziyanın “Azərbaycan” redaksiyasına başçılıq edən Əməkdar incəsənət xadimi, Şöhrət ordenli Rafiq Quliyev idi. Həmin redaksiyada ilk işim Səməd Vurğunun  “Komsomol” poeması əsasında çəkilən “Yeddi oğul istərəm” filminin qəhrəmanı olan Gəray bəy oldu. Sən demə o, Səməd Vurğunun doğmaca dayısı idi. Filmin adı bele oldu: “Tale çarpazları”.

 

- Bəs ilk filminizi televiziyada izləmək sizdə hansı təəssüratlar yaratdı?

 

- Qeyd edim ki, bu filmlərin hamısı sənədli filmdir. İlk filmimi ekranda görəndə sadəcə donmuş vəziyyət idim. Bilmirdim sevincdən ağlayım, yoxsa gülüm. Çox gözəl və izahı adama həqiqətən çətinlik çəkdirən hisslər yaşadım. Amma deyə biləcəyim və yaddaşıma həkk etdiyim tək bir hiss var idi - xoşbəxtlik.

 

- Başqa hansı əsər qəhrəmanlarına ssenari yazmısınız?

 

-İkinci filmim- “Kürə qovuşan ömür”  İsmayıl Şıxlının “Dəli Kür” əsərinin qəhrəmanı Cahandar ağa barəsində oldu. Filmdə müqayisəli şəkildə yəni, onun reallıqda və əsərdə necə olduğu təqdim olundu.

 

Üçüncü filmim Sovet ittiffaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında oldu. Bu filmimin adının isə “Uzaq sahillərdə” filmindən ilhamlanaraq “Uzaq sahillərin əfsanəsi” olmasını uyğun hesab etdim. Maraqlı bir iş oldu. Hətta o qədər sensassiyalı iş oldu ki, redaksiyada ilk dəfə həmin filmə Azərbaycan kinoteatrında prezentasiya keçirildi.

 

Dördüncü işim isə elə Mehdi Hüseynzadənin komandiri, partizan Cavad Həkimlidir. Film ərsəyə gələn vaxtı onun silahdaşlarından bir neçə nəfər sağ qalan var idi. Onları filmə çəkəndə məlum oldu ki, onun komandiri də sağdır və biz “Yarımçıq qalmış dosye” adlı filmi elə Cavad Həkimlinin barəsində çəkdik.

 

Daha sonra mən Azərbaycan əmək qəhrəmanlarından biri olan Sevil Qazıyeva haqqında “Bəyaz tarlanın balladası” adlı film çəkdim. Rejissor Yusif Quliyev Rafiq Quliyev və Orman Əliyev olub. “Kürə qovuşan ömrün” rejissoruda Orman Əliyev idi.

 

2003-cü ildə isə “Dəmir atlı cəngavər” filmini çəkdik. Bu filmimiz iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanov haqqındadır. Daha sonra “Ötən ömrün notları” Azərbaycanda İrs Ansamblını yaradan bəstəkar Rəşid Nəsiboğlu haqqında idi. Bu filmdən sonra isə ardıcıl olaraq 3 etnoqrafik film çəkdim. “Tarixin dözümü və qisası”, “Zəhmətlə yoğrulanlar”, “Qalanın əfsanəsi” və “Yaddaşın əbədi yükü” bu filmləri də hazırladım. Bunların içərisində “Zəhmətlə yorğulanlar” filmi 2007-ci ildə ən yaxşı etnoqrafiya filmi nominasiyası ilə mükafatlandırılıbdır. Sonralar “Yay günün sazağı” adlı filmini və filmlərimin içərisində ən ürəyimə yatanlardan biri olan görkəmli rəqqasəmiz Əminə Dilbazi haqqqında “Tənha bülbülün rəqsi”-ni çəkdim. Sonuncu işim isə “Ölülər və dirilər” filmidir. Bu film Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin qəhrəmanı Kefli İsgəndər haqqında idi. Sözün düzü bu araşdırmalar etdikcə insan ləzzət alır. Düzdür çox çətin və məsuliyyətli idi. Orada yuxusuz gecələrim, gərgin məqamlarım olub. O böyük , peşəkar heyət ilə ayaqlaşmaq çətin idi. Peşəkar heyətlə işləmək məsuliyyətdir. O illər mənim həyatıma, xarakterimə, xasiyyətimə, dünyaya baxışıma başqa bir bucaq açdı. O illəri həyatımın gözəl və fəxr etdiyim çağları hesab edirəm.

 

 

- Sizcə, ssenaristlik, yoxsa aktyorluq daha çətin peşədir? 

 

- Mənim fikrimcə, aktyorluq çox çətindir. Deməli biz “Ötən ömrün notları” filmini işləyən zaman oradakı səhnələrin birində xanım dindirilmə otağına gəlir. Dindirmə zamanı isə 1 stəkan su içməlidir. Bu isə çox qısa bir epizod olduğundan düşündülər ki, bundan ötrü aktrisa çağırmayaq və özümüz səhnələşdirək. Vəziyyətə müvafiq olaraq həmin səhnədə mən rol almalı oldum. İnanırsınızmı, bir stəkan suyun içilməsi ilə bağlı olan səhnəni 8 kadra çəkdik, yəni toplamda mən 8 stəkan su içmiş oldum. Axırda qəzəblənib dedim ki, gedin başqa aktrisa çağırın və çəkin, mən bacarmıram... Ona görə düşünürəm ki, aktyorluq çox çətin peşədir.

 

- Azərbaycan televiziyasında hazırda ekrana gələn film və serialları necə dəyərləndirirsiniz?

 

- Açığı, serialları izləmirəm. Amma sənədli filimlərə münasibət, fikrimcə, yaxşı işlər çoxdur. İki dəfə çox böyük təəssüf hissi yaşamışam. 1-ci Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə filmlər hazırlanmışdır. “Əbədi ezamiyyət” və “Sonuncu iclas”. Bu filmlərin rejissorları və ssenaristləri ilə tanış idim. O filmlər elə bil ki, içimin səsi oldu. Əslində o an ssenaristliyə davam etməməmlə bağlı çox peşman oldum, içimdəki o səs deyirdi ki, bu filmin ssenari müəllifi mən olmalı idim. Amma o qədər gözəl işlənmişdi ki, o kolletivə “min əhsən” deyərdim. Çox möhtəşəm, gözəl film alınmışdı. Həmçinin zəfər tariximiz ilə bağlı filmlər “Şuşa sən azadsan”və s. bu filmlərdə mənim çox dəyər verdiyim filmlərdir.  Gənc rejissorlar da son vaxtlar görürəm ki, beynəlxalq arenalara çıxırlar. Xeyli mükafatlarda gətiriblər. Bu kontekstli filmləri çox bəyənirəm.

 

- Ssenari müəllifi olduğunuz bir filmin çəkilişində müşahidə etdiyiniz maraqlı və yaddaqalan bir an olubmu?

 

- Çəkilişlərdə çox maraqlı məqamlar olub.

 

- Sirr deyilsə, bölüşməyinizi istəyərdim...

 

- “Zəhmətlə yoğrulanlar” filminin çəkilişi Novxanıdaydı. Biz orda müəyyən kadrları götürməli idik. Danışılan əraziyə gəlib gördük ki, heç kim yoxdur. Alı Kərbəlayi Natiq deyilən bir nəfər var idi. Çox mömin, nurani və zəhmətkeş bir insan idi. Geri dönmək istəyəndə düşündüm ki, onu görmədən geri qayıtmaq heç yaxşı çıxmaz. Bu səbəbdən sahəyə gəldik. Sahəyə girəndə baxdıq ki, insan uzanıb yerə, özündə deyil, nəfəsdə almır. Həmin vaxt uşaqlar tez yardıma gəldilər. Rejissor İqbal Məmmədəliyev ona süni nəfəs verdi. Nəhayət, o insanı ayıltmağı, həyata qaytarmağı bacardıq. Son vaxtlara qədər həmişə bayramlarda zəng edib deyir ki, mən 2-ci ömrümü sizə borcluyam. Bu hadisə mənim heç vaxt yadımdan çıxmaz. Çəkliş qrupunun diqqəti o insanı xilas elədi.

 

- 2005-ci ildə müəllim kimi fəaliyyət göstərməyə başlamısınız. Sizi jurnalistikadan müəllimliyə cəlb edən nə oldu?

 

- Bəli, 2005-ci ildə müəllimlik fəaliyyətinə başladım. Hər zaman düşünürdüm ki, mən məktəbə gedəcəm və müəllimlik fəaliyyətimi davam etdirəcəm. Çünki bunun üçün mən əziyyət çəkmişəm və illərlə oxumuşam. Yeni bir nəsli tərbiyə etmək, onlara tarixini, keçmişini sevdirmək, gələcəyə hazırlamaqdan gözəl nə ola bilər? Mən məktəbə gələndən sonra, heç vaxt peşman olmadım. 287 saylı Zəkalar liseyi demək olar ki, respublikada öz uğurları ilə nailiyyətləri ilə fərqlənən məktəbdir. Əvvəla, bu məktəbə gələndə məktəbimizin direkoru Aygün xanım Əhmədli məni olduqca xoş qarşıladı, mühitin özü də məni cəlb etdi, kollektivin zəhmətkeşliyi, şagirdlərin fərqliliyi işləmə həvəsimi və potensialımı daha da artırdı.

 

 

- İki sahənin də peşəkarı olmaq hər kəsin bacara biləcəyi iş deyil. Sizcə jurnalistika çətindir, yoxsa müəllimlik?

 

- Hər ikisi məsuliyyət, diqqət, həssaslıq istəyir. Amma müəllim, həm də yaxşı müəllim olmaq çox çətindir. Bu gün hər evdə bir, ya da iki uşaq böyüyür. O uşaqlar gələcək nəslin davamçılarıdır. Onları gələcəyə hazırlayan, onların gələcəyinin memarı kimdir? Müəllimdir. Bir müəllimin diqqətsizliyindən görün nə qədər fəlakət törəyə bilər. Fikrimcə,  şagirdi sevməyən məktəbə gəlməməlidir. Müəllimlik həm də kolletiv işdir. Şagirdin inkişafı bir müəllim ilə ölçülmür. Eyni zamanda kolleqalarda bir-birini tamalamalıdır. Bu baxımdan müəllimlik çox çətin peşədir. Hər bir müəllimin özünün metodu, yanaşması olmalıdır. İstər fənninə, istərsə də şagirdlərinə məsuliyyətli olmalıdır.

 

- Şagirdlər üçün dərsi daha maraqlı etmək baxımından fərqli bir iş metodunuz varmı?

 

- Təbii ki, hər bir müəllimin özünəməxsus metodları olmalıdır.  Dərsləri maraqlı qurmaqda, ssenaristlik işimə çox yarayır, müxtəlif yarışlar, viktorinalar keçirirəm, bəzən hansısa tarixi hadisəni canlandırmaq, səhnələşdirmək tapşırığı verirəm, həmçinin şagirdlərin mövzunu daha dərindən mənimsəməsi üçün müxtəlif divar qəzetlərinin hazırlanması barəsində də tapşırıqlarım da olur. İnanın uşaqlar o qədər gözəl hazırlayırlar ki... Bütün bunlarla yanaşı müəllimin öz yanaşması, yaradıclığı olanda dərslər fərqli və gözəl olur. Nə şagirdlər, nə də müəllim sıxılır. Maraqlı və məhsuldar dərs prosesinin nəticəsində isə müəllimin də uğurlarının sayı genişlənir. Mənim əksər şagirdlərim Respublika çərçivəsində təşkil edilən müxtəlif müsabiqələrdə,intellektual yarışlarda, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Respublika fənn olimpiadalarında uğurlu nəticələr göstərmiş,qalib adına layiq görülmüşdürlər.

 

 

- Son olaraq, inkişaf etmək istəyən gənc müəllimlərə tövsiyələriniz nə olardı?

 

- Müəllim elə bir zirvədir ki, o zirvədən düşən işıq kainatı nura qərq edir. Dünyaya nur saçanlardan bir zərrə olmaq belə böyük xoşbəxtlikdir. Bu məsləkin daşıyıcısı olmaq kimi şərəfli bir yolun yolçusu olmaq gözəldir. Tövsiyəm işinizi sevin! Cəmiyyətə yararlı alım, hüqüqşünüs, həkim, mühəndis, bir sözlə, bütün sahələrə mütəxəssisi siz hazırlayırsınız. İşiniz avand olsun.