Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-07 15:38:00
Deputatdan TƏKLİF: “Ali məktəblərdə plan yerləri iqtisadiyyata uyğunlaşsın”

Ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə plan yerlərinə nəzər saldıqda görürük ki, bir sıra ixtisaslar üzrə qəbul faizi daha yüksəkdir. Lakin müşahidələrə əsasən bəzi ixtisaslar üzrə tələb-təklif balansı pozulur. Abituriyentlər seçdikləri sahə üzrə ixtisaslaşa bilmədikdə isə işsizlik sayı artmağa davam edir.

Bəs görəsən, bu halda tələbələr seçim edərkən hansı meyarları əsas tutmalıdırlar?  Hansı ixtisaslarda təhsil alan tələbələr sahələri üzrə işə qəbul olmaqda daha çox çətinlik çəkirlər ?

 

Mövzu ilə əlaqədar deputat Asim Mollazadə AzEdu.az-a açıqlama verib.

 

Millət vəkili bildirib ki, Azərbaycanda ali və peşə təhsili üzrə plan yerlərini  iqtisadiyyatın təlabatlarına uyğunlaşdırmaq lazımdır: “Hansı sahədə daha çox mütəxəssis tələbi varsa, o sahədə kadr hazırlıqları ilə məşğul olmaq lazımdır”.

 

A.Mollazadə bildirib ki, peşə təhsili üzrə qəbul standartlarını gücləndirməliyik: “Reallıq onu göstərir ki, bu  gün ümumorta təhsil müəssisəsi məzunlarından bir çoxu ali məktəblərə qəbul olmur. Lakin iqtisadiyyatın təlabatına uyğun olan sahələr üzrə mütləq həmin məzunları peşə təhsili ilə təmin etməliyik. Bu gün gənclərə təhsil vermək əsas şərtlərdən biridir”.

 

Gənclərin böyük qisimi Beynəlxalq münasibətlər ixtisasına yiyələnməyə can atırlar: “Gənclər arasında düzgün istiqamətləndirmə olmadığı üçün onlar bu sahəyə daha çox yönəlir. Həmin tələbələr seçdikləri sahə üzrə özlərini inkişaf etdirmədən, dil biliklərini təkmilləşdirmədən məzun olurlar. Nəticədə bu sahə üzrə işsizlik faizi durmadan artır. Bunun qarşısını almaq üçün mütləq iqtisadiyyatla təhsil arasında ciddi münasibətlər qurulmalıdır”.

 

Deputat təklif edib ki, iqtisadiyyatı idarə edən qurumlar təlabat olan sahələri müəyyənləşdirməlidir: “Əgər prioritet sahədə kənd təsərrüfatı dayanırsa, o sahə üzrə informasiya kommunikasiya texnologiyalarıdırsa o sahə üzrə, turizm və başqa sahələrə ehtiyac duyulursa həmin yöndə mütəxəssislər hazırlanmalıdır. Bu həm ali, həm də peşə təhsilinə aid olmalıdır”.

 

Müsahibimiz bildirib ki, ölkəmizdə abadlıq işləri görüldüyü üçün  tikinti-quruculuq sahəsində kadrlara ehtiyac var: “İnşaat mühəndisi üzrə mütəxəssislər lazımdır. Əgər tələb təklif prinsipi ödənməyi işsizliklə mübarizədə effektiv rol oynayacaq”.