Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 16:25:00
“Fədakar müəllim”: “Arzum Elm və Təhsil Nazirliyində mütəxəssis olmaqdır”

Düşdüyü situasiyadan asılı olmayaraq həmişə şagirdlərin yanında olan, onların dərsə davamiyyətinə nail olmaq üçün əlindən gələni edən müəllimlər var.

 

AzEdu.az Təhsil Portalı peşəsini sevən həmin zəhmətkeş müəllimləri ictimaiyyətə tanıtmaq üçün onlarla müsahibələr hazırlayır.

 

Budəfəki “Fədakar müəllim” rubrikamızın qonağı Cəlilabad rayon Elçin İsmayılov adına Təklə kənd tam orta məktəbin Kimya və Biologiya müəllimi Səid İmanzadədir.

 

-Səid müəllim, əvvəlcə özünüzü oxucularımza təqdim edərdiniz...

 

- Mən, İmanzadə Səid Fərəc oğlu. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu İmtahanında uğur qazanaraq, orta təhsil aldığım Cəlilabad rayon Elçin İsmayılov adına Təklə kənd tam orta məktəbinə Kimya və Biologiya müəllimi kimi təyin olundum. 2019-cu ildən həmin məktəbdə təşkilatçı müavin vəzifəsində fəaliyyət göstərirəm.

 

-Öz oxuduğunuz məktəbə təyin olunduğunuzu öyrəndikdə necə hislər keçirdiniz?

Açıklama yok.

 

 - Əvvəldən bu məktəbdə vakansiya olduğunu bilirdim. Çünki kimya müəllimim Daxıl bəy başqa bir işə başlamışdı. İmtahandan keçəcəyimə əmin olsam da, inanmazdım ki, öz oxuduğum məktəbdə işləyərəm. Təyinat mesajinı oxuyanda sevincdən ağlamışdım. Tez direktorumuza zəng edib dedim ki: "Hafiz müəllim artıq dərs dediyiniz şagirdiniz sizinlə müəllim kimi birgə işləyəcək". Yəni heç təsəvvür etmirdim və sadəcə xəyal olaraq qalacağını düşünürdüm.

 

 

- İlk dərs gününüz xatirinizdə necə qalıb?

 

- Əslində məktəb mənə o qədər də yad deyildi, çünki  5 il əvvəl həmin məktəbdən məzun olaraq ayrılmışdım. Şagirdlərdən bəzilərini tanıyırdım. Müəllimlərdən də bəziləri mənə dərs deyənlər olduğu üçün doğma məkandayam kimi hiss edirdim. Həmin gün ağlımda, ancaq xoş xatirələrlə qalıb. Birinci dərs dediyim sinfin sonralar sinif rəhbəri oldum. 45 dəqiqə mənə çox uzun gəlirdi, həyəcanlı idim. Elə bilirdim hardasa səhv edəcəm və özümü itirəcəm. 

 

-Şagirdlərlə münasibətiniz necədir?

 

- Şagirdlərlə münasibət çox yaxşıdır. Səmimi olaraq deyə bilərəm ki, onların dərsə motivasiya olması və özlərinə uyğun ixtisas qrupu seçib ali təhsil almaqlarında çox köməklik edirəm. Şagirdlərim mənə daha həvəslə dərsə gəlməyə  və onlara bütün resursları əl çatan etməyim üçün stimul verir. Pis münasibət göstərən şagird olmur, sadəcə biz özümüz düzgün və prinsipsiz münasibət göstərməyi bacarmalıyıq.

 

- Tədris etdiyiniz fənni şagirdlərə tam mənimsətmək üçün hər hansısa özünəməxsus üsulunuz var?

 

- Bəzən elə olur ki, 45 dəqiqə dərsi tam əhatəli mənimsətməyə kömək etmir, ona görə də bəzi siniflərlə əlavə məşğul olmaq lazım olur. Müəyyən təcrübələrlə dərsə daha da maraq qatmağa çalışıram. Məişətdə baş verən təcrübələri və ya prosesləri nümayiş edirəm və bu da dərsi daha da maraqlı edir. Şagirdlər üçün internet resursları tapıb yönəldirəm və quiz testleri Veb 2 alətlərində müxtəlif platformalarda işlətməyi tövsiyə edirəm.

 

- Məktəbin maddi-texniki bazası dərslərin keçirilməsində rol oynayır?

 

- Məktəbimiz yeni məktəb olmadığına görə maddi -texniki bazası demək olar ki, zəifdir. Amma planlaşdırılıb ki, məktəb yenidən bərpa olunacaq. Düşünürəm ki, bundan sonra vəziyyət daha da yaxşılacaq.

 

 

-Bu peşəni öz istəyinizlə seçmisiniz?

 

- Əslində bütün 4-cü ixtisas qrupuna sənəd verən abituriyentlər kimi, mənim də arzum həkim olmaq idi. Stomatoloq olmağı düşünürdüm, amma təbii ki, Tələbə Qəbulu üzrə Dövlət Kommisiyasının qəbul ballarına əsasən topladığım bal kimya və biologiya müəllimliyi ixtisasına uyğun gəldi. Əvvəllər müəllim olmağı planlaşdırmamışdım, amma hərbi xidməti başa vurduqdan sonra MİQ imtahanı verdim və kimya üzrə vakant yeri tutduqdan sonra iş mənə daha da xoş gəldi. Düzgün seçim etdiyimi bildim və peşman da deyiləm. Yaxşı ki, müəllimlik ixtisasını seçmişəm. Yaxşı çalışanda iş daha da keyfiyyətli olur və gəlir də daha çox olur. Yəni hər bir istək insanın özündən asılıdır. Bacarırsansa, hər şey sənin əlindədir.

 

- Xüsusi karantin dövründə dərslər onlayn qaydada keçirilirdi. Kənd mühitində həmin vaxt şagirdlərin internetə əlçatanlığı hansı səviyyədə idi?

 

- Xüsusi karantin rejimində mən məktəbdə müavin vəzifəsində işləyirdim. Buna görə də əsas vəzifəm dərsi təşkil etməyim idi.  Çətin olsada “Teams” platformasında qısa müddətdə bütün müəllimləri və şagirdlərin 70 %-ni cəlb etdim. İşimiz uğurlu alındı. Tədris ənənəvi kimi olmasa da, geri düşmədiyimizə tam əmin idim. Həmin dövrlərdə bütün yarışları və tədbirləri onlayn formada təşkil edirdim. Kənd məktəbi olmağına baxmayaraq təhsildən geri qalmadıq və yay məktəbində qismən bərpa etməyə çalışıdıq.

 

- Fəaliyyətiniz dövründə hər hansısa ekstremal vəziyyətlə üzləşmisiniz?

 

- Qeyri-adi bir şey olmayıb. Amma yadda qalan hadisələrdən danışa bilərəm. MİQ imtahanında iştirak etdikdən sonra Diaqnostik qiymətləndirməyə çağırıldım. Yüksək bal topladım və keçdim. Həmin ili isə o qaydanı ləğv etdilər. Bəzən elə hadisələr baş verir ki, ömür boyu yadda qalır, amma kimləsə paylaşmaq və danışmaq olmur. Sadəcə öz daxilində xatırlayırsan.

 

- Şagirdlərin vətənpərvər ruhda yetişməsi üçün müəllim kimi hansı öhdəlikləri yerinə yetirirsiniz?

 Açıklama yok.

- Məktəbdəki bütün tədbirləri mən təşkil etdiyim üçün həmişə çalışıram ki, şagirdlərə vətənpərvərlik ruhu aşılayan motivlərə yer verim. Əsasən vətənpərvərliklə bağlı videoçarxlar, maarifləndirici slaydlar, teatrlar və səhnəciklər təşkil etmişəm.

 

- Nə vaxtsa müəllimlikdən imtina etmək istəmisiniz?

 

- İlk vaxtlar düşünürdüm ki, mən bacarmayacam. Bu peşəni uzun müddət davam etdirə bilmərəm.  Amma sonra şagirdlərin nəticələrini gördükcə ,yarışları və tədbirlər təşkil etdikcə bu sahədə davam etməkdə peşman olmadığımı gördüm.  Müəllimlik fəaliyyətindən əlavə ali məktəblərə qəbul üzrə ixtisas seçimi ilə məşğul oluram. Demək olar ki, hər il yüzlərlə abituriyentə köməklik edirəm. Abituriyentlərin qəbul nəticələrini gördükcə sevinirəm. Müəllimliyə sonsuz məhəbbətimin olduğunun bir daha fərqinə varıram.  

 

- Gələcəkdə fəaliyyətinizi hansı sahədə davam etdirmək istəyirsiniz?

 

- Gələcəkdə daha geniş auditoriyada çıxış etmək, təlimlər təşkil edib bacardığım qədər şagirdlərə innovativ üsullarla bilikləri təqdim etmək, rayon üzrə intellektual yarışları genişləndirmək, onlayn platforma üzrə intellektual oyunlar təşkil etmək, həmçinin təhsil sahəsi üzrə ixtisas seçimində daha çox tələbəyə məsləhət vermək istəyirəm. Bundan başqa ən böyük arzum DİM-lə əməkdaşlıq və Elm və Təhsil Nazirliyində layihələr üzrə mütəxəssis olmaqdır.

 

- Müəllim olmaq istəyən şagirdlərə nə kimi məsləhətlər vermək istərdiniz?

 Açıklama yok.

- Hazırlıq keçdiyim abituriyentlərdən dördü kimya və biologiya müəllimliyi ixtisasında oxuyur. Şagirdlərə müəllimliyin həqiqətən də şərəfli peşə olduğunu və gələcəkdə ən uğurlu sahə kimi qalacağını izah edirəm. Təcrübələrimə əsasən onu deyə bilərəm ki, əksər şagirdlərim müəllimlik ixtisasına üstünlük verir. Müəllimlərin ətrafdan qazandıqları hörməti və gələcək nəsillərin savadlılığını təmin edən bir şəxs olduğunu dəfələrlə məsləhət vermişəm. Həmçinin bütün sahələr üzrə kadrlar yetişdirən şəxslər yenə müəllimlərdir. Şagirdlərə təkcə məktəbdə yox, ali təhsil müəssisələrində təhsil alanda və işlə təmin olunmaları ilə bağlı məsləhətlər veririk və təmənnasız kömək edirik.