Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 12:34:00
Şura sədri: Müəllimlər imtahanla yox, diplom ilə işə qəbul olmalıydı

Artıq 2008-ci ildən bəri Azərbaycan məktəblərində təhsil sistemində kurikulum üsulundan istifadə olunur. Lakin abituriyentlər ali təhsil müəssisələrinə daxil olduqda əvvəlki qaydalarla ənənəvi şəkildə təhsillərinə davam edirlər.

 

Belə olduğu halda sual yaranır. Bəs nəyə görə tədrisdə kurikulum sistemi ancaq məktəblərdədir? Universitetlər bu sistemə keçmək üçün hansı addımları atmalıdır?

 

Mövzu ilə əlaqədar Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova AzEdu.az-a açıqlama verib.

 

Şura sədri bildirib ki, təhsildə növbəti hədəf qəbul qaydalarını dəyişdirmək olmalıdır:

 

“Bizlər tərəfindən qaldırılan məsələ qəbulla təhsil sistemi arasında fərqli yanaşmanın olmasıdır. Şagirdlərin oxuduqlarını, yazdıqlarını anlaması baxımından İELTS, SAT və.s kimi imtahanlar mövcuddur. Lakin Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlar daha çox əzbərçiliyə yönəlmiş qaydadadır. Belə olduğu halda şagirdlərin qavrama bacarığını ölçmək çətinləşir”.

 

G.Səfərova: “Ali məktəblərdə keçirilən dərslərin keyfiyyəti yüksək deyil”

“Həmişə belə bir sual yaranır ki, müəllimlik ixtisasına yiyələnmiş məzunlar nəyə görə Müəllimlərin İşə Qəbulu imtahanından keçir? Aydındır ki, universitet biliyi müəllim kimi fəaliyyət göstərməyə kifayət etmir. Əslində isə həmin məzunlar diplom ilə işə qəbul olmalı idilər. Belə anlaşılır ki, ali məktəblərdəki təhsilə güvənsizlik var. Təəssüf ki, reallıq budur.

Təhsilin İnkişafı Forumunun "İnnovasiya ekosisteminin yaradılması" tədbirində   təhsilin sənaye, müasir innovasiya və texnologiyalar ilə ayaqlaşa bilməsi məsələsi müzakirə olundu. Hər müzakirə də təhsilin nə qədər geri qaldığının şahidi oluruq. Günümüzlə ayaqlaşan ali təhsil müəssisələri çox az saydadır. ADA, BANM fərdi,  fərqli yanaşmalar irəli sürən azsaylı təhsil müəssiələrindən biridir. Lakin təhsil haqlarının kifayət qədər yüksək olması təhsili hər kəs üçün əlçatan etmir. Ali təhsil müəssisələrinin kifayət qədər imkanı çatır ki, müxtəlif yerlərdən maliyyə cəlb edərək biznes imkanlarından geniş şəkildə istifadə etsinlər”.

 

Müsahibimiz bildirib ki, ölkəmizdə ciddi ali məktəb problemi var:  

“Orta məktəblər nazirliyə tabe olduğu üçün MİQ, sertifikasiya imtahanları, uşaqların təhsilə cəlb olunması və. s  məsələlərinin mərkəzləşmiş istiqamətdə həlli üçün addımlar atılır. Lakin ali məktəblərdə bu mərkəzi sistem yaratmaq bir qədər çətindir.  Tələbəninin inkişafı üçün əlindən gələni edən ali məktəblərlə yanaşı, çoxsaylı köhnə sovet sistemində irəliləməyə çalışan təhsil müəssisələri də təəssüf ki, çoxdur. Ola bilər ki, həmin universitetlərin bir zamanlar prestiji yüksək idi. Ancaq hazırkı dövrdən danışırıqsa, onlar müasir dövrlə ayaqlaşa bilmir.  Bizə gələcək onillərin tələbləri əsasında fəaliyyət göstərən universitet sistemləri lazımdır.  Orta ümumtəhsil müəssisələrində müxtəlif islahatlar aparılsa da, ali məktəblərdə bu proses zəifləyir.

Ali təhsil müəssisələrində danışıqlar aparılmalıdır. Müzakirə etmək lazımdır ki, universitetlərdə birgə hansı addımlar atılsa inkişafa doğru getməyə zəmin yaranar.  Bir neçə universitetin tədris prosesində yenilik etməsi sadəcə fərdi xarakter daşıyır. Bu isə müsbət nəticələrin faizində böyük rol oynamır”.